Ekspertlər hesab edir ki, Azərbaycanda vəkillik sahəsində mövcud problemlərin həlli məqsədilə “Vəkillik haqqında” yeni mükəmməl qanun qəbul olunmalıdır. Trend News-un məlumatına görə, çərşənbə axşamı “Azərbaycanda vəkillik institutu: reallıqlar və prespektivlər” mövzusunda keçirilən dəyirmi masada bu sahədəki mövcud vəziyyətlər, problemlər müzakirə olunub.
Hüquqşünas Qurban Məmmədov bildirib ki, bu sahədəki çoxsaylı problemlər sırasında vəkillərin əsassız olaraq müdafiəyə buraxılmaması, müdafiədən uzaqlaşdırılması, məhkəmə prosesi zamanı çəkişmə prinsipinin pozulması, vəkillərin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılmaması yer alır.
Məmmədov hesab edir ki, vəkilliyə qəbul prosedurları da dəyişdirilməlidir. Onun fikrincə, İmtahan Komissiyasında hakimlərin təmsil olunması, birinci test imtahanında uğur qazanmayan namizədin sonrakı imtahanda iştirakı üçün komissiyanın rəyinin tələb olunması kimi məsələlər qanunvericilikdən çıxarılmalıdır. Hüquqşünas “Müdafiə hüququ haqqında” qanunun qəbul olunmasını da vacib sayır.
Hüquqşünas Ənnağı Hacıbəyli Azərbaycanda Vəkillər Kollegiyasına alternativ kollegiyaların yaradılmasını zəruri hesab edib və qeyd edib ki, belə qurumların çox olması vəkillik institutunun müstəqil fəaliyyətinə və müdafiənin səmərəli təşklinə səbəb olar. O, qonşu Türkiyə və Rusiyada belə qurumların fəaliyyət göstərdiyini deyib və bildirib ki, həmin vəkil qurumları ayrı-ayrılıqda vəkilliyə qəbulu həyata keçirirlər. Vəkillərin normal fəaliyyətini təmin etmək məqsədilə Hacıbəyli vəkillərin üzərinə qoyulmuş 40 faiz məbləğində verginin götürülməsini təklif edib.
Vəkillər Kollegiyasının üzvü Həzi Məmmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən hüquq məsləhətxanaları vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərmək imkanından uzaqdır. Məmmədob bildirib ki, keyfiyyətli hüquqi yardım göstərilməsi üçün hüquq məsləhətxanaları münasib binalarla təmin olunmalı, dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləğini artırılmalı, bir neçə vəkillər kollegiyası yaradılmalı, dövlət hesabına vəkillə təminat zamanı təqsirləndirilən və şübhəli şəxslərin əmlak və maddi vəziyyəti öyrənilməlidir.
Dəyirmi masada iştirak edən hüquqşünaslar, vəkillər və hüquq müdafiəçiləri bu sahədəki vəziyyətin ciddiliyini nəzərə alaraq təxirəsalınmaz tədbirlər görülməsi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gücləndirilməsi məqsədilə bəyanat qəbul ediblər.
Bəyanatda deyilir ki, ancaq bu halda vəkillik institutu cəmiyyətin hüquq sisteminin tərkib hissəsi ola bilər və vətəndaşların maraqlarına uyğun fəaliyyət göstərər.
Tədbirin sonunda prezidentə müraciət qəbul olunub.