Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq

YUNİSEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, “Uşaqları xilas” və “Dünyaya baxış” beynəlxalq təşkilatları, SOROS fondu və Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansı 2009-cu ilin uşaq ili elan olunması ilə əlaqədar bir sıra birgə tədbirlər həyata keçirir. Bu barədə ANS PRESS-ə Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının rəhbəri Nabil Seyidov məlumat verib. Onun sözlərinə görə, may ayından gələn ilin fevral ayınadək həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda uşaqların vəziyyətinə və uşaq hüquqlarının təmin edilməsinə dair QHT-lərin alternativ hesabatı hazırlanacaq.

Bu hesabat uşaq hüquqları ilə bağlı bütün sahələri səhiyyəni, təhsili, asudə vaxtın təşkili məsələsini, zorakılıqdan müdafiəni, internatı, əlilliyi olan uşaqları əhatə edəcək. Layihə çərçivəsində monitorinqlərin keçirilməsində Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansında təmsil olunan 70-dən artıq üzv təşkilat çalışır. “Layihə çərçivəsində aşkar olunmuş problemlər, neqativ hallar BMT-nin Uşaq Hüquqları Komitəsinə və Azərbaycan hökumətinə, digər yerli və beynəlxalq təşkilatlara təqdim olunacaq. Bu problemlərin həllinə dair təklif və tövsiyələr veriləcək” – Nabil Seyidov bildirib.

ANS PRESS

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO