Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) dövlət qurumlarının nümaynədələri və sahibkarların iştirakı ilə «Azərbaycanda turizm, problemlər və inkişaf perspektivləri» mövzusunda keçirilən konfransda ölkədə turizmin inkişafı üçün bəzi təkliflər səsləndirilib.
Təkliflərdə bölgələrdə fəaliyyət göstərən turizm mərkəzlərinin 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunması, sadələşdirilmiş vergi sistemi ilə işləyən turizm firmaları, mehmanxana və istirahət mərkəzlərində fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulmuş illik dövriyyənin ƏDV-yə keçid həddinin iki dəfə artırılması ilə bağlı məsələlər əksini tapıb.
Bundan başqa, iş adamları Azərbaycanda turizmin əsasən mövsümi xarakter daşıdığı üçün turizm firmaları, regionlarda yerləşən mehmanxana və istirahət mərkəzlərində çalışan daimi işçilərin əmək haqlarından Dövlət Sosial Müdafiə Fonduna tutulan verginin 15%-ə endirilməsini, sosial turizm məqsədilə dövlət büdcəsindən Həmkarlar İttifaqına ayrılan vəsaitin artırılmasını məqsədəuyğun sayır.
Həmçinin, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın Kömək Milli Fondundan turizmin inkişafı üçün uzunmüddətli kreditlərin ayrılması, banklar tərəfindən müəssisələrə verilən kreditlərin faiz dərəcələrinin azaldılması təklif olunur.
Bununla yanaşı, iş adamları turizm məqsədləri üçün istifadə edilən avadanlaqların böyük əksəriyyətinin, hətta hotel geyimləri və xırda məişət əşyalarının gömrük vergi və rüsumlarından azad olunması məqsədəuyğun hesab edirlər.
Konfransda turizm şirkətlərinə verilən lisenziyaların turizm xidməti çeşidindən, turfirmaların iş təcrübəsindən asılı olaraq dərəcələrə bölünməsi də təklif olunub. Eləcə də təklif edilir ki, DSMF və statistika qurumları üçün hesabatlar da Vergilər Nazirliyində olduğu kimi elektron versiyada qəbul olunsun.
Tədbirdə konkret turist marşrutlarının gücləndirilməsi üçün dövlətin dəstək verə biləcəyi bəzi layihələr də təklif edilib. Belə ki, turistlərin Nabran ərazisinə daşınması üçün Nabran qəsəbəsi yaxınlığında dəniz limanının tikilib istifadəyə verilməsi təklif olunub. Həmçinin, Nabran qəsəbəsi ərazisində yerləşən turizm mərkəzlərinin çirkab sularının təmizlənməsi üçün təmizləyici stansiyaların və kanalizasiya sisteminin tikilib istifadəyə verilməsi məqsədəuyğun sayılır.
Bundan başqa, regionlarda yerləşən istirahət mərkəzlərinin təbii qazla təmin olunması məsələsinin sürətləndirilməsi, turist firmaları ilə mehmanxanalar arasında turistlərin qəbulu üçün nəzərdə tutulan güzəştli qrup qiymətlərinin tətbiq edilməsi təklif olunur.
Ölkədə turizm işinin keyfiyyətinin artırılması üçün kadrların hazırlanması, bu sahədə təhsilin kefiyyətinin yüksəldilməsi, eləcə də ölkə daxilində və xaricdə lazımi məlumatlandırma işlərinin aparılması vacib sayılıb. Təklif olunub ki, turistlərin ölkəyə cəlb olunması üçün Bakıda yerləşən xarici səfirliklər və diplomatik nümaynədəliklərlə iş də gücləndirilsin.
Qeyd edək ki, bu təkliflərin daha detallı şəkildə ayrı-ayrı nazirliklərə və hökumətə təqdim olunması nəzərdə tutulur.