Azərbaycanda siqaret çəkməyin məhdudlaşdırılması müzakirəyə çıxarılacaq

Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu məqsədlə fevralın sonlarında Parlamentin bir sıra komitələrinin, həmçinin Səhiyyə, Kənd Təsərrüfatı, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə geniş komitə iclası keçiriləcək.

Quliyevin sözlərinə görə, iclasda “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin tətbiqinin monitorinqini aparmaq üçün işçi qrup yaradılacaq.
“İclasda bu problemlə məşğul olan qeyri-hökümət təşkilatları da iştirak edəcəklər. Çünki ölkədə siqaret çəkmənin hazırkı vəziyyəti ilə bağlı məlumat əldə edilməsi üçün QHT-lər tərəfindən monitorinq aparılmalıdır”, – Quliyev bildirib.

Komitə sədrinin müavini bildirib ki, bir neçə il bundan qabaq müvafiq monitorinq aparılıb, lakin növbəti monitorinq daha geniş kütləni əhatə edəcək.
Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO