Azərbaycanda repetitorluğun yayılmasının səbəbini yalnız məktəbdə deyil, başqa yerdə axtarmaq lazımdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Nazir hesab edir ki, bununla bağlı obyektiv tədqiqat aparmaq və nəticələrini ölkə ictimaiyyətinə açıqlamaq lazımdır.
Mərdanovun sözlərinə görə, repetitorluq dünyada və Azərbaycanda həmişə olub, bu gün də var, gələcəkdə də ola bilər.
“Repetitorluğa iki cür yanaşıram. Onun müsbət və mənfi təsirləri var. O yerdəki təhsilin inkişafına mənfi təsir göstərir, biz bu halda repetitorluğu pisləyirik. Ona qarşı etiraz edərək mübarizə aparmışıq, bundan sonra da bu mübarizə aparılacaq”, – nazir deyib.
Nazir onu da əlavə edib ki, orta məktəblərdə kurikulumun tətbiqi ilə bağlı davamlı olaraq monitorinqlər aparılır. Bu proses gələcəkdə də davam etdiriləcək.
“Kurikulum Azərbaycan təhsili üçün yenidir. Hər bir yeniliyin özünün çətinliyi olur. Bunları öyrənib nəzərə alırıq və gələcəkdə də bunu davam etdirəcəyik”, – Mərdanov deyib.
Trend.az