Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun səsverməsi martın 18-də saat 8.00-dan başlayacaq və 19.00-a qədər davam edəcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səsvermə müddətində prosesin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı 5 dəfə ilkin məlumatlar veriləcək.
Birinci ilkin məlumat saat 10.00-da, sonra 12.00, 15.00, 17.00 və 19.00-da açıqlanacaq. Bu məlumatlarda yalnız seçicilərin fəallığı ilə bağlı rəqəmlər ictimaiyyətin diqqətinə çatdırılacaq.
Seçicilərin referenduma çıxarılan məsələlərlə bağlı səsverməsinin nəticələri haqda ilkin məlumatlar isə səsvermə başa çatdıqdan sonra seçki məntəqələrinin məlumatları MSK-ya daxil olduğu andan açıqlanmağa başlayacaq.
Həmin nəticələr KİV-ə açıqlanmaqla barbar, MSK-nın rəsmi www.msk.gov.az, www.cec.gov.az və www.infocenter.gov.az saytlarında yerləşdiriləcək.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq Dairə Seçki Komissiyaları səsvermədən sonra ən gec iki günə yekun protokolunu MSK-ya təqdim etməlidir.
Bundan sonra isə MSK səsverməni nəticələri ilə bağlı ilk rəsmi nəticələri açıqlayacaq.