Azərbaycanda polis səsvermənin keçiriləcəyi seçki məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə seçki məntəqələrini nəzarətə götürüb. «Respublika üzrə seçici bülletenlərinin seçki məntəqələrinə paylanılması başa çatdığından, məntəqələr polislərə təhvil verilib», – bazar ertəsi Trend News-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib.
Trend News -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 834 min 584 seçici qeydə alınıb. Ötən il tərtib olunan seçici siyahısında 4 mln.600 mindən çox seçici qeydə alınmışdı. Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi kişidir. Məntəqələrə 4 milyon 903 min 600 bülleten paylanılıb. Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqələri yaradılıb. Onların 5148-i daimi, 33-ü isə Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir. Azərbaycanın 500 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə edir və hər seçki dairəsinin 3 – dən 15-dək məntəqəsində quraşdırılıb. Azərbaycanda seçkini 59 ölkədən 1104 beynəlxalq müşahidəçi izləyəcək. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb. Gözəlov deyib ki, seçici siyahılarının oğurlanmaması, məntəqənin mühafizəsi üçün ərazi polis idarələrinin əməkdaşları məntəqələrin mühafizəsinə cəlb olunublar.
Azərbaycan Daxili İşlər Nazirliyi seçki günü polisin fəaliyyəti ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb və icra olunmaq üçün şəhər və rayon polis idarələrinə göndərib. Tədbirlər planında seçki günü polisin üzərinə düşən vəzifələr, polisin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq hərəkət etmək, ictimai asayişin qorunması və s. vəzifələri müəyyən edilib.