Azərbaycanda Ombudsmanının müdaxiləsindən sonra Nəqliyyat Nazirliyinin müfəttişləri vəzifələrindən azad olunub

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend News-a verilən məlumata görə, Bakı şəhəri sakini İnsan Hüquqları üzrə Müvəkkilə şikayət ərizəsi ilə müraciət edərək, 26 oktyabr 2009-cu il tarixdə idarə etdiyi avtomaşının müəssisəyə aid olduğunu nəqliyyat müfəttişlərinə bildirməsinə və yol vərəqəsini göstərməsinə baxmayaraq, müfəttişlər tərəfindən hədə-qorxu gəlməklə ondan pul tələb olunduğunu, dövlət nömrə nişanının çıxarılmasına cəhd göstərildiyini, avtomaşında olan müəssisə işçilərinin məsələyə qarışması və şahidlik etməsinin müfəttişləri bu hərəkətlərdən çəkindirdiyini bildirib.

Ərizəçi “Avtonəqliyyatservis” Departamentinə müraciətinə bununla bağlı verilən cavab məktubundan narazı qaldığını, konkret tədbirlər görülmədiyini bildirib. O, ombudsmandan bu məsələnin araşdırılaraq həllində kömək göstərməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Ombudsman Elmira Süleymanova şikayət ərizəsində əks etdirilmiş halların yoxlanılması, həmin müraciətlə bağlı araşdırma aparılması və müvafiq tədbirlər görülməsi üçün Nəqliyyat Nazirliyinə tapşırıq verib. Ərizəçinin şikayət məktubunda qeyd olunmuş avtomobillərdə xidmət göstərən müfəttişlərin izahatları alınıb, onların kobud davranışları müəyyən olunub. İşlərində yol verdikləri nöqsanlara görə iki müfəttiş tutduqları vəzifədən azad edilib. Ombudsmanın müdaxiləsindən sonra ərizəçinin pozulmuş hüququ bərpa olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO