Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı 20 faizdən çox artıb. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin rəisi Reyhanə Kərimova bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ildə 17 minədək nikahdankənar doğulan uşaq qeydiyyata alınıb ki, bu 2009-cu illə müqayisədə 3 min uşaq çoxdur.
Reyhanə Kərimovanın fikrincə, nikaha daxilolma vaxtı tibbi müayinə keçmə barədə arayışın tələb olunması nigahdankənar doğulan uşaqların sayının artmasına səbəb ola bilər.
“Azərbaycanda ildə 160 minədək şəxs nikaha daxil olur və nikahların yarıdan çoxu ölkənin regionlarında, kəndlərində bağlanılır. Tibbi müayinə keçirilməsi ilə bağlı tələb qoyularkən müvafiq avadanlıqlarla təchiz olunmayan məntəqələrdə müəyyən problemlər yarana bilər”, – deyə Reyhanə Kərimova bildirib.
Onun bu fikrinə münasibət bildirən komitə sədri Hadı Rəcəbli deyib ki, vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman qan analizi üçün rayon mərkəzinə gəlirlərsə, nikah bağlamaq kimi vacib məsələdə də tibbi müayinədən keçmək üçün rayon mərkəzlərində yerləşən tibbi mərkəzlərə gedə bilərlər.