Azərbaycanda mətbuat məhkəmələrin fəaliyyəti barədə operativ məlumat almaq imkanı qazanacaq. Trend News-un məlumatına görə, Azərbaycan Milli Məclisinin Qanunvericilik və hüquq siyasəti komitəsinin bazar ertəsi keçirilən iclasında “Məhkəmə fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi parlamentə tövsiyə olunub.
5 fəsil 25 maddədən ibarət layihədə məhkəmələrin fəaliyyəti haqqında informasiyaların alınmasının mümkünlüyü prinsipləri müəyyən olunub. Layihədə dövlət sirri hesab olunan məlumatların verilməsində məhdudiyyətlər də nəzərdə tutulub. Məhkəmələrin fəaliyyəti ilə bağlı məlumatlar yazılı, şifahi və telefon vasitəsilə alına bilər və internetdə yerləşdirilə bilər.
Komitənin sədri Əli Hüseynov deyib ki, bəzi hakimlər KİV-lərə məlumat verməkdən çəkinirlər. Onlar məhkəmələrə verilən sorğuların cavablandırılmasını məhkəmələrin fəaliyyətinə müdaxilə kimi qiymətləndirirlər. Onun sözlərinə görə, sivil ölkələrdə belə bir praktika yoxdur.
“Xarici ölkələrdə məhkəmələrin ictimaiyyətə açıq şəkildə təqdim olunması üçün telekanallarda layihələr var. Azərbaycanda fəaliyyət göstərən telekanalların birində belə bir layihə var. Amma təəssüflər olsun ki, həmin verilişdəki hakim rolunda çıxış edən şəxs vaxtilə etik qaydaları, hakim etikasını pozduğu üçün hakimlikdən uzaqlaşdırılıb. Təəsüf ki, belə bir adam, məhkəmə əxlaqını ictimaiyyətə təbliğ edir”, – Hüseynov vurğulayıb.
Komitənin üzvü Qüdrət Həsənquliyev isə hesab edir ki, bu qanunun qəbul edilməsi ilə problem aradan qalxmayacaq. Həsənquliyevin sözlərinə görə, konstitusiyaya zidd olaraq Məhkəmə Hüquq Şurasına icra strukturunun rəhbəri – ədliyyə naziri sədrlik edir. “Hakimiyyətin bölgüsü prinsipinə görə, məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qoludur”, – millət vəkili deyib.
Həsənquliyev hesab edir ki, məhkəmə-hüquq sistemində islahatlar aparılmalı və MHŞ-nin üzvlərinin təyinatına yenidən baxılmalıdır. O, rəhbərlik etdiyi partiyanın konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı yeni layihə hazırladığını və Milli Məclisə təqdim etdiyini deyib. Həmin layihədə bu məsələlər öz əksini tapıb.