Azərbaycanda müəllimlər üçün yaş senzi qoyula bilər

“Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması” barədə sərəncamın icrasından sonra əmək fəaliyyəti ilə məşğul olan müəllimlər üçün yaş senzi qoyula bilər.

Bu açıqlamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov verib.

Onun sözlərinə görə, hazırda prezidentin bu sərəncamının icrası üçün hazırlıq işləri aparılır. Bu konsepsiyanın hazırlanması üzərində böyük bir komissiya işləyəcək: “Bu, müəllimlərin maaşların artırılmasına, təqaüdə gedərkən onların sosial vəziyyətinin yaxşılaşdırılmasına təkan verəcək. Bu gün ali təhsil müəssisələrində çalışan professorlar təqaüdə göndərilsə, 150-200 manat arasında təqaüd alacaqlar. Ona görə onların çoxunu təqaüdə göndərə bilmirik. Çünki sosial ədalət pozulur. 600-700 manat əmək haqqı alan adam birdən-birə 150-200 manat alırsa, onun vəziyyəti yaxşı olmur. Yaşlı adamlardır, onların dərmana, müalicəyə ehtiyacları var, ailəsini saxlamalıdırlar. Prezidentin bu sərəncamı isə imkan verəcək ki, müəllimlər üçün bundan sonra müəyyən yaş senzi olsun. Yəni müəyyən yaşdan sonra müəllimlər təqaüdə getməli olacaq. Müəllimlərin sosial vəziyyəti yaxşılaşdırdıqdan sonra yaş senzinin heç bir qorxusu və narahatçılığı olmayacaq”.

A. Məhərrəmov yaz senzinin təxminən 65-70 yaş müəyyənləşə biləcəyini qeyd edib.

Amma A. Məhərrəmov bu məsələdə müstəsna halların ola biləcəyini də söyləyib: “Yaradıcı müəllimlərlə müqavilə bağlayıb bir neçə il də iş müddətini artırmaq olar. Müəyyən yaş səviyyəsinin olmasına baxmayaraq, müəllim çox yaxşı fəaliyyət göstərirsə, bu halda onunla ilbəil müqavilə bağlanacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO