2012-ci il oktyabrın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 271 210 nəfər təşkil edir. Onlardan 63,1 faizi yaşa görə, 26,5 faizi əlilliyə gərə, 10,4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır. DSMF-dən Trend-ə verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 39,3 faizi kişilərdən, 60,7 faizi isə qadınlardan ibarətdir.
Cari ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,19 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,54 manat təşkil edir.
Son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.
Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Trend.az