Azərbaycanda məhkəmələrin mövcud durumu müzakirə olunur

Azərbaycanda mülki və iqtisadi mübahisələr artıb. Bu, iqtisadi inkişafın təzahürüdür. Trend-in məlumatına görə, bunu İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqinə dair hakimlər və hüquqşünaslar üçün ikinci yay məktəbinin açılışında Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib.

Hüseynlinin sözlərinə görə, hakimlər və hüquqşünaslar üçün Avropa Konvensiyasını öyrənib tətbiq etmək olduqca vacib və əhəmiyyətlidir.

“Azərbaycanda beynəlxalq təşkilatların dəstəyi ilə məhkəmə-hüquq islahatları həyata keçirilib və bu islahatlar davam edir. Dünya Bankı bu islahatların həyata keçirilməsi üçün Azərbaycana böyük məbləğdə vəsait ayırıb”, – deputat əlavə edib.

Hüseynli bildirib ki, Azərbaycan islahatların həyata keçirilməsi istiqamətində bir sıra xarici dövlətlərlə əməkdaşlıq edir.
Almaniyalı ekspertlərin iştirakı ilə bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak edib.

Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov açılış nitqində bildirib ki, belə məktəblərin təşkili hakim və hüquqşünasların beynəlxalq konvensiyaların öyrənilməsində bir fürsətdir. Həmçinin, bu tədbirlərdə milli ekspertlərlə yanaşı, xarici ekspertlər də öz zəngin təcrübəsini bölüşür.

Kazımovun sözlərinə görə, Azərbaycanın müstəqilliyi dövründə müstəqil məhkəmə-hüquq sistemi, 3 pilləli məhkəmə sistemi yaradılıb, məhkəmələrin üzərindən bütün növ nəzarət aradan qaldırılıb.

O bildirib ki, ötən 6 il ərzində 20-dək regional, o cümlədən 6 apellyasiya məhkəməsi yaradılıb, bu zaman məhkəmələırin ixtisaslaşması da daim diqqət mərkəzində saxlanılıb.
İqtisad məhkəmələrinin sayı artlırılıb, 7 bölgədə inzibati məhkəmələr yaradılıb, 4 bölgədə ağır cinayətlər məhkəmələri yaradılıb. Hərbi məhkəmə sistemi təkmilləşdirilərək onların yurisdiksiyası genişləndirilib. 2006-cı ildə Azərbaycanda hər 100 min nəfərə 4 hakim düşürdü.
Kazımovun bildirdiyinə görə, bu ona gətirib çıxarmışdı ki, bir çox məhkəmələrin hakimləri ayda 100-dən çox işə baxmalı olurdu.
“Mülki mübahisələrin sayının son illərdə 6 dəfə artdığını nəzərə alaraq vəziyyətin nə qədər gərgin və çətin olduğu təsəvvürü yaranır. Aparılan məhkəmə islahatları nəticəsində 2006-cı ildən hakimlərin sayı 2 dəfə artırılıb, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, bütün hakimlər üçün köməkçi ştatı ayrılıb. Məhkəmələrə müraciət imkanlarının asanlaşması, hakimlərə müasir iş şəraitinin yaradılması məqsədilə işlər görülür. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 20-dən çox ən yüksək tələblərə cavab verən məhkəmə binasının, bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə kompleksinin layihələri işlənib hazırlanıb, Oğuz rayon məhkəməsinin müasir stadartlara cavab verən yeni binası istifadəyə verilib. Bu il Bakının Yasamal, Gəncə şəhər Nizami rayonu və Gədəbəy rayon məhkəmələrinin inzibati binaları istifadəyə veriləcək”, – Kazımov əlavə edib.

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov isə deyib ki, son illərin statistikası göstərir ki, məhkəmələrə müarciətlərin sayı 6 dəfə artıb. Bu onu göstərir ki, insanlar pozulmuş hüquqlarının bərpası üçün polisə, prokurorluğa deyil, məhkəmələrə müraciət edirlər.
“Vətəndaşların məhkəmə hakimiyyətinə olan inamı artıb. Bu səbəbdən də biz hakimlərin tədrisinə, onların beynəlxalq konvensiyaların, Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsinə önəm veririk”, – Hüseynov deyib.
Qeyd edək ki, Azərbaycan Hüquqşünasları Konfederasiyası Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası birgə təşkilatçılığı iyunun 23-dən sayca ikinci yay məktəbi başlanıb.
İyunun 27-dək davam edəcək ikinci yay məktəbinin mövzusu İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinə həsr olunub.
Yay məktəbində 18 hakim və 14 hüquqşünas iştirak edir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO