Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün müsabiqənin müddətini uzadacaq

Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan olunan fərdi müsabiqənin müddətini uzadacaq. “Jurnalistlər məqalələrin təqdimatı üçün vaxtın az olduğundan gileyləndiklərinə görə vaxtı dekabrın 5-dən 12-nə qədər uzadacağıq”, – çərşənbə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov bildirib.

Səfərovun sözlərinə görə, indiyə qədər fonda 20-yə yaxın jurnalist yazı təqdim edib. “Dekabrın 12-dən sonra jurnalistlərin müxtəlif mövzularda təqdim etdikləri yazılar ekspertlər tərəfindən araşdırılıb qaliblər müəyyənləşdiriləcək”, – Fondun rəhbəri əlavə edib.

Qaliblərin mükafatlandırılmasına gəldikdə, o deyib ki, mərasim ayın 29-u, yaxud 30-da keçirilə bilər. “Biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə böyük bir tədbir keçirmək niyyətindəyik. Düşünürəm ki, qaliblər həmin tədbirdə elan olunacaqlar”, – Səfərov vurğulayıb.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iyunun 25-dən 12 istiqamət üzrə müsabiqə elan etmişdi. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilmişdi. Ərizələr iyulun 1-dən 31-dək qəbul olunmuşdu.

Qaliblərdən 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO