Azərbaycanda keçiriləcək prezident seçkisinin nəticələri AŞPA-nın qış sessiyasında müzakirə ediləcək

Azərbaycanda keçiriləcək prezident seçkisinin nəticələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında (yanvar) müzakirə ediləcək.
«Azərbaycanla bağlı məsələlərə qış sessiyasında baxılacaq» – bunu Trend News-a Azərbaycanın AŞPA – dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, prezident seçkisiöncəsi olduğuna görə, payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələ daxil edilməyib. Seyidov bildirib ki, payız sessiyası çərçivəsində, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin iclasının keçirilməsi və Komitəyə yeni sədrin seçilməsi gözlənilmir.
«Sessiyada, əsasən, Gürcüstanla Rusiya arasında baş verən münaqişə müzakirə olunacaq və müzakirələr iki gün davam edəcək. AŞPA – nın Gürcüstan – Rusiya münaqişəsinə dair xüsusi Alt Komitəsinin üzvləri artıq Rusiyaya səfər ediblər. Nümayəndə heyəti yaxın günlərdə Gürcüstana da səfər edəcək. Onların səfərinin yekunları və hazırlanan məruzə sessiyada müzakirə olunacaq», – deyə Seyidov əlavə edib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və nümayəndə heyəti də AŞPA – nın sessiyasında eyni mövqedən çıxış edəcək: «Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz münaqişənin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini və bölgədə sülhün yaranmasını istəyirik».
Nümayəndə heyəti sentyabrın 27- də yola düşür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO