Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin İctimai Palatanın rəhbərləri ilə görüşü barədə fikirlər səsləndiriblər. Deputat Siyavuş Novruzov bildirib ki, ATƏT nümayəndələrinin görüşdüyü adamlar cəmiyyətdə qəbul olunmurlar: “Bəlkə parlament sorğu göndərsin ki, onların bu maraqları haradan qaynaqlanır? Yəqin onlar hakimiyyətə gəlsələr, siz hansı havanı çalsanız, onu da oynayacaqlar”.
Millət vəkili Fərəc Quliyev və Fəzail İbrahimli isə qeyd ediblər ki, diplomatik korpus nümayəndələrinin İctimai Palata üzvləri ilə görüşlərində müzakirə olunan məsələlər xalqdan gizlədilməməlidir. Deputatlar eyni zamanda beynəlxalq təşkilatların və səfirliklərin təmsilçilərinin parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşmədiklərini də qeyd ediblər. F. Quliyev parlamentdə diplomatik korpusun bu yöndə fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması təklifi ilə çıxış edib: “Lazım gəlsə, həmin diplomatlar “persona-non qrata” elan olunmalıdırlar”.
Millət vəkili Fazil Mustafa isə diplomatik korpus nümayəndələrinin müxalifət təmsilçiləri ilə görüşündə narahatçılığa əsas olan məqam görmədiyini deyib: “Məni narahat edən başqa məsələdir. Onlar deyirlər ki, çağırdılar, biz də getdik. 20 nəfəri bir yerdə qonaqlığa aparmaq qeyri-mümkündür, o ki qaldı toplaşıb harasa gedələr…”
Deputat İqbal Ağazadə isə müxalifət partiyalarının üzvü olan 3 gəncin məhkəmə təhsil aldıqları universitetlərdən qovulmaları barədə danışıb. O, Bakı Şəhər İcra Hakimiyyətinin müxalifətə şəhərin mərkəzində deyil, kənarda yer ayırmasını da tənqid edib.
Millət vəkili Əli Əhmədov deyib ki, radikal müxalifət Azərbaycan vətəndaşları arasında düşmənçilik yaradır: “Kim yaxşı yaşayır, kim hakimiyyətdə təmsil olunur, onlar düşmən kimi qəbul olunular. İki il əvvəl bir radikal müxalifət nümayəndəsi oğlu ilə birgə Avropada keçirilən musiqi yarışmasında erməniyə dəstək verdi. Bunu Azərbaycan hakimiyyətinə etiraz kimi əsaslandırdı. Onların nəzarətində olan qəzetlər də bu düşmənçiliyi yayırlar”.
MM sədrinin müavini Bahar Muradova da İctimai Palatada toplaşan radikal müxalifət nümayəndələrinin tək YAP üzvlərini deyil, parlamentə təmsil olunan müxalifəti belə qəbul etmədiklərini deyib: “Gura onlar İqbal Ağazadəni istəyirlər? “İqbalı Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev İctimai Palataya gəlməsinlər” deyirlər”.
B. Muradova qeyd edib ki, ABŞ və digər ölkələrin səfirləri bu hərəkətlərinin Azərbaycanla ölkələri arasında olan münasibətlərə xələl gətirə biləcəyini düşünməlidirlər: “Mən onların yerinə olsam, izahat verərdim. Mətbuat onların müxalifətlə maliyyə məsələlərini müzakirə etdiyi yazır”.
Spiker Oqtay Əsədov isə deyib ki, hakimiyyətə həmişə şəffaflıq dərs keçənlər özləri qapalı iclaslar keçirirlər: “Bizim prezidentin müstəqil siyasətini çoxları istəmir. Lakin Azərbaycan müstəqil siyasətindən dönməyəcək. Mən şad olardım ki, belə birlik nümayiş etdirən beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da eyni addımı ataydılar”.
O. Əsədov bəzi səfirliklərin və beynəlxalq təşkilatların təmsilçilərinin bir müxalifət partiyasının rəhbərləri ilə görüşməsindən narahatlıq keçirdiyini də vurğulayıb: “Niyə diplomatlar parlamentdə təmsil olunan partiyalarla da görüşlər keçirmirlər?”