Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqinə başlanılır. Şurada bazar ertəsi keçirilən müşavirədə sədr Azay Quliyev bildirib ki, layihələrin monitorinqi əsasən onların ictimai effektivliyinin müəyyənləşdirilməsi, layihədə nəzərdə tutulmuş nəticələrin əldə edilməsi, QHT-lərin ehtiyaclarının müəyyənləşdirilməsi və ictimai sektorun vəziyyətinin öyrənilməsi istiqamətlərində həyata keçiriləcək, bazar ertəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının yaydığı məlumatda bildirilib.
Trend News-un arayışı: Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu il üçün elan edilmiş QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən, 226 layihə Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılıb.
Şura sədri bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi 226 layihənin monitorinqinə iki QHT – Beynəlxalq Avrasiya Mətbuat Fondu və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi cəlb olunub. Quliyevin fikrincə, monitorinq nəticəsində, həmçinin region QHT-lərinin təlim və digər texniki ehtiyaclarının üzə çıxarılması onların bilik və bacarıqlarının artırılması üçün görüləcək işləri əvvəlcədən planlaşdırmağa imkan verəcək.