Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbulunun gecikmə səbəblərini açıqlayıb. Ə. Hüseynli APA-ya açıqlamasında bildirib ki, bu qanunun qəbulu məsələsi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda da var və bu proqram birbaşa Azərbaycan prezidentinin, dövlətin iradəsidir.
Komitə sədrinin sözlərinə görə, qanun üzərində hazırda Prezident Administrasiyası tərəfindən iş aparılır, Mətbuat Şurası da bu prosesdə yaxından iştirak edir. Ə. Hüseynli bildirib ki, qanunun tezliklə qəbul olunması üçün hüquqşünasların da bir sıra təkliflərini nəzərə almaq şərtilə sənədin ciddi ictimai müzakirəsinə ehtiyac var: “Qısa müddət ərazində qanunun ictimai müzakirəyə çıxarılması lazımdır. Hətta biz Mətbuat Şurasına bildirmişik ki, qanunun hazırlanmasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə aid mərhələdə yaxından iştirak etməyə hazırıq”.
Ə. Hüseynli qanunun qəbulunun gecikməsinə birbaşa səbəb olan problemi açıqlayıb, yeni qanunla bağlı rəhbərlik etdiyi komitənin fərqli mövqedə olmasını şərtləndirən məqamlardan danışıb. Onun sözlərinə görə ötən il bu fərqli mövqeyə aydınlıq gətirilməməsi qanunun qəbulunu ləngidib: “Bu da qanunun qəbulu ilə bağlı Cinayət Məcəlləsində böhtan və təhqirə görə həbs-qətimkan tədbirini nəzərdə tutan 147 və 148-ci maddələrin çıxarılıb-çıxarılmaması məsələsidir. Onlar qanunun qəbulu üçün bu maddələrin çıxarılmasını tələb edirlər, biz isə buna ehtiyac görmürük.
Çünki onsuz da artıq hamı müşahidə edir ki, son illər bu maddə ilə jurnalistlər həbs olunmur və bu maddələrin saxlanması da o demək deyil ki, mütləq bu tətbiq olunacaq. Hər bir qanunun öz funksiyası var. Cinayət Məcəlləsində nəzərdə tutulan maddələrin hamısı o demək deyil ki, onlar dərhal tətbiq olunsun. Mübahisə doğuran maddələr də tətbiq olunmaqdan çox çəkindirici xarakter daşıyır. Yəni media əhli onu oxusun və kimisə təhqir etməkdən çəkinsin. Bu hal Fransada da var, orada 5 il həbs nəzərdə tutulur. Bizə irad tuturlar ki, Fransada bu maddələr olsa da, belə şeyə görə jurnalistləri həbs etmirlər. Amma son illər elə bizdə də jurnalistlər belə şeyə görə həbs olunmur. Ona görə də hesab edirik ki, Cinayət Məcəlləsindən bu maddələri çıxarmadan da “Diffamasiya haqqında” qanunu qəbul etmək mümkündür. Bu qanunun gecikməsinin də əsas səbəbi bu maddələr ətrafında olan fərqli mövqelərdir. Əgər onlar bu maddələrin çıxarılması ilə bağlı qəti mövqe ortaya qoymasaydılar, biz o qanunu indiyə kimi qəbul edə bilərdik”.
Ə. Hüseynli qanunun yenidən ictimai müzakirəyə çıxarılmasının səbəblərindən də danışıb: “Ola bilsin ki, Mətbuat Şurası, media nümayəndələri bizi inandıra bildilər ki, həqiqətən də bu maddələri Cinayət Məcəlləsindən çıxarmadan qanunu qəbul etmək mümkün deyil. Amma hələ indiyə kimi onlar bu məsələ ilə bağlı qarşımıza ciddi arqument qoya bilməyiblər”.
Qeyd edək ki, qanun layihəsi ilə bağlı hazırda Azərbaycan hökuməti və Avropa Şurası Venesiya Komissiyası arasında müzakirələr aparılır. VK-nın 2012-ci ilin dekabrında keçirilmiş növbəti plenar sessiyası çərçivəsində bu məsələ ilə bağlı tərəflər arasında görüş keçirilib.
Apa.az