Təklif edilən əlavə və dəyişikliklər barədə parlamentin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, təklif olunan əlavə və dəyişikliklər avtomobil nəqliyyatı ilə əlaqədardır.
Təklif olunur ki, şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobus marşrutlarında müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə əməl etməyən, “Taksi” tanınma nişanı, taksometr və digər göstəriciləri olmadan sərnişin daşıyan, tarifləri müəyyən edilmiş tariflərdən çox göstərən, avtobuslarda siqaret çəkən, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesləri ilə bilavasitə əlaqəsi olmayan audio cihazlardan istifadə edən, daşıma sənədləri olmadan sərnişin daşıyan, marşrutlarda və taksilərdə sərnişin və baqaj yerlərinin sayına, baqaj kütləsinə riayət etməyən şəxslər 40 manatdan 50 manatadək cərimə olunsunlar. Həmçinin, əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 20 manat, lisenziyasız sərnişin və yük daşınmasına görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat, qalaq yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatların daşınma şərtlərini pozanlar 40 manatdan 50 manatadək, pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olanlar 1500 manat, avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə 500 manat cərimə olunacaqlar.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməyənlər isə 50 manat miqdarında cərimə ediləcəklər.
Layihədə təklif edilən başqa bir dəyişikliyə görə isə nəqliyyat vasitəsində – trolleybus, tramvay, avtobus və taksidə şəhərətrafı və şəhər daxilində biletsiz sərnişin daşınmasına görə 5 manatdan 15 manatadək, şəhərlərarası marşrut üzrə 15 manat, beynəlxalq marşrut üzrə avtobuslarda 30 manat, dəmir yolu nəqliyyatında 5 manatdan 10 manatadək, dəniz və çay nəqliyyatında 15 manatdan 25 manatadək, hava nəqliyyatında isə 20 manatdan 40 manatadək cərimə ediləcəklər.
Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya çıxış üçün sənədlərə malik olmadıqda fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 3 000 manatadək cərimələnəcək.
Çıxış edən Milli Məclisin üzvləri Fazil Mustafa, Elmira Axundova və Qüdrət Həsənquliyev təklif olunan bir sıra müddəaların əleyhinə olduqlarını bəyan ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov, daha sonra isə deputat Siyavuş Novruzov layihənin qəbul olunmasının zəruriliyini bildiriblər.
Digər deputatların çıxışlarından sonra layihə səsə qoyularaq qəbul olunub.