Azərbaycanda bu ilin avqustunda 2618950 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend News-a çərşənbə axşamı verilən məlumata görə, həmin ərazilərdən 9430 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 110263642 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 477602-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılır. Hesabat dövründə 1 mina/PHS hadisəsi qeydə alınıb və nəticədə 1 nəfər yüngül dərəcəli bədən xəsarəti alıb.