AZƏRBAYCANDA ATALIQ MƏZUNİYYƏTİ TƏTBİQ OLUNACAQ

AZƏRBAYCANDA ATALIQ MƏZUNİYYƏTİ TƏTBİQ OLUNACAQDövlət İdarəçilik Akademiyasında «Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. «Media forum» saytının məlumatına görə, parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, uzun müddət ölkədə əmək qanunvericiliyi ilə bağlı monitorinq aparılıb: «Təxminən 5 il davam edən bu proseslə sosial siyasət daimi komissiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Sahibkarlar Konfederasiyası bu prosesdə iştirak ediblər».

1998-ci ildə Əmək Məcəlləsinin qəbul olunduğunu bildirən komissiya sədri deyib ki, ötən dövr ərzində ölkədə əmək münasibətlərində xeyli fərqlər yarandığını vurğulayıb: «Ona görə Əmək Məcəlləsinə yenidən dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb. Elə bu gün müzakirəyə çıxarılan bu qanun layihəsi də məhz bu zərurətdən irəli gəlib. Əmək Məcəlləsinə 120-yə yaxın əlavələr və dəyişikliklər edilməsi təklif olunur. Bu əlavə və dəyişikliklərin də hər biri mütərəqqi xarakter daşıyır».

Komissiya sədri vurğulayıb ki, qanunvericilik aktında minimum məzuniyyətin 21 gündən 28 günə çatdırılması və qadınların analıq məzuniyyətində orta aylıq əməkhaqqının saxlanması məsələsinin 6 ay müddətinə uzadılması nəzərdə tutulur: «Bunlar da təbii ki, maliyyə tutumlu məsələlərdir. Ümid edirik ki, Maliyyə Nazirliyi buna da öz dəstəyini əsirgəməyəcək və biz parlament müzakirələrinə daha müfəssəl bir məcəllə layihəsi çıxarıb onun qəbuluna nail ola biləcəyik».

Məcələnin 114-cü maddəsinə təklif olunan 5-ci hissədə göstərilir ki, mövsümi işdə çalışan şəxslərə əsas məzuniyyət bir qayda olaraq hər ayın sonuna görə 2 təqvim günü müddətində verilir. Eyni zamanda «Hamiləliyə və doğuşa görə məzuniyyətlər»i nəzərdə tutan 125-ci maddənin yeni redaksiyasında qeyd olunur ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdən birində göstərilir ki, hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə arvadının arzusu ilə onun həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququ verilir.

Digər əlavəyə görə, yaxın qohumlarının yas və toy mərasimində iştirak etmək üçün işçiyə beş gün müddətinə məzuniyyət veriləcək. Layihədə işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin dairəsi də genişlənib. Sağlamlıq imkanları məhdud olan 18 yaşında uşağı olan işçilərə 30, ailə, məişət və başqa sosial məsələləri təxirəsalmadan həll etmək məqsədilə işçiyə 14 təqvim günü ödənişsiz məzuniyyət verilə bilər.

Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, havanın hərarəti 41 dərəcə olduğu halda, qeyri-iş günü elan ediləcək. Mövcud Əmək Məcəlləsinə görə, 45 dərəcə istilik qeydə alındığı halda qeyri-iş günü elan edilir.

Təklif olunan digər dəyişikliklə Azərbaycanda səsvermə günü qeyri-iş günü elan ediləcək. Müstəsna hallarda vətəndaş səsvermə günü könüllü işləmək istədiyi halda ona əlavə əmək haqqı ödəniləcək və yaxud vətəndaşın istəyi ilə başqa vaxtda istirahət günü veriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO