Azərbaycan yollarında sürət həddinin aşılması getdikcə daha böyük problemə çevrilir

Yanvarın 19-da Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2012-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalovun sözlərinə görə, ümumilikdə il ərzində 1 milyon 21 mindən çox yol hərəkəti qaydalarının pozulması qeydə alınıb. O cümlədən sürət həddinin aşılması üzrə 133.197, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 29.466, ötmə qaydalarının pozulması üzrə 23.101, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 17.912, sərnişindaşıma qaydalarının pozulması üzrə 5.014 fakt aşkar edilib.

Göründüyü kimi, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması qayda pozuntusu avtomobilin sərxoş idarə olunması və digər qayda pozuntularının hər birindən ayrı-ayrılıqda 4-5 dəfə çoxdur. Ümumilikdə yüksək sürət qeydə alınan ümumi qayda pozuntularının 30 faizini təşkil edir. Halbuki, zaman-zaman KİV-lərdə yüksək sürətin fəsadları barədə məlumat verilib. Bütün bunların fonunda, yol hərəkəti qaydalarının pozulmasında sürət həddinin üstün çəkiyə malik olmasının kökündə nə dayanır? Bunu minimuma endirmək üçün nə kimi tədbirlərin görülməsinə ehtiyac var?

“Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov qayda pozuntuları içərisində yüksək sürət həddinin üstün çəkiyə malik olmasını bir sıra səbəblərlə əlaqələndirdi: “Əvvəla, yüksək sürət həddi qəzalarda daha çox insan itkisinə səbəb olur. Qayda pozuntuları arasında sürət həddinin aşılması faizinin çox olması onunla əlaqədardır ki, xüsusən bir sıra mərkəzi magistral yollarda sürət həddi limiti çox aşağıdır. Məhz sürət həddi limitinin çox aşağı olmasındandır ki, bu cür qayda pozuntularının çəkisi yetərincə böyükdür. Hər iki tərəfdən qoruyucularla əhatə olunmuş yollarda sürət həddi həddən artıq aşağıdır. Ancaq bütün bunlara baxmayaraq, baş verən qayda pozuntularına haqq qazandırmaq olmaz. Sözügedən problemin digər səbəbləri də var. Məsələ ondadır ki, ölkə vətəndaşları yuxarı mühərrik gücünə malik avtomobillərə daha çox üstünlük verir. Halbuki, Avropa və bir sıra Asiya ölkələrində aşağı mühərrik gücünə malik avtomobillərdən daha çox istifadə edilir. Çox təəssüflər olsun ki, bizdə yüksək mühərrikli avtomobillərə üstünlük vermək bir dəb halını alıb. Yəni 4-5 mühərrik gücü olan avtomobillərə üstünlük verilir. İş ondadır ki, bu cür avtomobilləri aşağı sürətlə idarə etmək bir qədər çətindir. Həmin avtomobillərdə yüksək sürət tez yığılır. Deməyim odur ki, bu iki amil sürücüləri avtomobili idarə edərkən sürət həddini aşmağa vadar edir. Məhz bu səbəbdən ağır yol-nəqliyyat hadisələrinin sayı artır. Fikrimcə, hansı mərkəzi magistral yol sürət limitinin artırılmasına imkan verirsə, həmin yollarda sürət limitini bir az artırmaq lazımdır. Başqa bir tərəfdən, cəzaları bir qədər də sərtləşdirmək olmaz. Çünki onsuz da cəzalar kifayət qədər sərtdir. Yenidən cərimələri qaldırmaq heç bir nəticə verməyəcək. Ən nəhayət, bu sahədə maarifləndirmə kampaniyasını bir qədər də gücləndirmək lazımdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO