Azərbaycan və Türkiyə üçün birgə layihə və investisiyalar həyata keçirməyin vaxtı çatıb

Bu barədə Ankarada Azərbaycan-Türkiyə biznes forumunda iştirak edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, bu gün Türkiyənin mindən artıq şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir və 2002-ci ildən bu şirkətlər ölkə iqtisadiyyatına iki milyard dollara yaxın sərmayə yatırıblar.
“İnanıram ki, ötən il Bakıda və Naxçıvanda keçirilmiş biznes forumlarının davamı olaraq bu gün Ankarada işə başlayan biznes forumu ölkələrimiz arasında mövcud olan çoxşaxəli əməkdaşlığa yeni töhfə verəcək”, – Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu Şuranın yaradılması haqqında bəyannamə 2010-cu ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı imzalanıb.

İqtisadi sahədə əməkdaşlıq haqqında indiyədək 23 sənəd imzalanıb ki, bu da Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəm hüquqi təməlini təşkil edir.
“Əməkdaşlıqdan danışarkən, ilk növbədə, energetika sahəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin əhəmiyyətini qeyd etmək istərdim və ötən il ARDNŞ ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”, – Mustafayev bildirib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri ticarətdir. “Qeyd etməliyəm ki, bizim siyasi əlaqələrimizin səviyyəsi və iqtisadi imkanlarımız ticarət əlaqələrimizin daha yüksək səviyyələrə çatdırılmasını tələb edir və bunun üçün səylərimizi gücləndirməliyik”, – nazir deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkədəki şirkətlərin maliyyə imkanlarını artırıb və artıq yüzlərlə Azərbaycan şirkəti xarici ölkələrdə, o cümlədən Türkiyədə çalışır və müxtəlif sahələrə sərmayələr yatırırlar.

“Dünən Azərbaycanın Türkiyədə çalışan iş adamlarının birliyi yaradılıb ki, bu da qardaş ölkədə yeni-yeni uğurlu layihələrin həyata keçirilməsinə xidmət edəcək”, – Mustafayev bildirib.

Nazirin sözlərinə görə, həm Azərbaycanın, həm də Türkiyənin sürətlə artan iqtisadi potensialını nəzərə alaraq, dost ölkələrə birgə sərmayə qoymağın, müştərək layihələr həyata keçirməyin, eləcə də birgə investisiya fondlarının yaradılmasının zamanı çatıb.

“Eyni zamanda, qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması sahəsində, informasiya-komunikasiya texnologiyaları sahəsində, şərq və şimal istiqamətində geniş imkanları nəzərə alaraq, tranzit daşımaları sahəsində, Turkiyənin zəngin təcrübəsini nəzərə alaraq, xidmət, o cümlədən turizm sahəsində əməkdaşlıq və qarşılıqlı səmərə üçün geniş imkanlar mövcuddur”, – o deyib.

Nazir hər iki ölkənin iş adamlarını bu sahələrdə fəal olmağa, səmərəli təşəbbüslər irəli sürməyə çağırıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycan ilə Türkiyə arasında mal dövriyyəsi 942,165 milyon dollar təşkil edib. Bu zaman idxalın payı 771,274 milyon dollar, ixracın payı isə 170,894 milyon dollar təşkil edib.

Ankara Ticarət Palatasının məlumatına görə, Türkiyənin Azərbaycanda birbaşa investisiyaları 3,8 milyard dollara çatıb. Xaricdəki Türkiyə investisiyalarının həcminə görə Azərbaycan yalnız Niderlanddan geri qalır./

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO