Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondu arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, anlaşma memorandumunu SAM-ın direktoru Fərhad Məmmədov və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli imzalayıb.
Fərhad Məmmədov Trend-ə bildirib ki, SAM tərəfdaş olaraq bir çox dövlətlərın “beyin mərkəzləri” ilə müqavilələr imzalayır.
“Biz artıq 14 müqavilə imzalamışıq və bu gün imzalanan sənəd 15-cidir. Bu müqavilələr bizə hüquqi əsas verir ki, həmin mərkəzlərlə fəaliyyətimizi davam etdirək və müştərək layihələr həyata keçirək”, – Məmmədov deyib.
O qeyd edib ki, bu gün imzalanan memorandum Gürcüstanın analoji qurumu ilə birgə layihələr həyata keçirməyə imkan verəcək.
Trend.az