Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın sonunda Avropada keçiriləcək – XİN rəhbəri

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın sonunda Avropada keçiriləcək, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. “Mənim məlumatıma görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Avropa şəhərlərinin birində keçiriləcək. İlham Əliyev və Serj Sarkisyan görüşə razılıq veriblər”, – Məmmədyarov deyib. “Bundan sonra dekabrın 1-2-nə Afinada ATƏT-in XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi davam etdiriləcək”, – nazir əlavə edib.

Onun sözlərinə əsasən, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni təkliflərə hələki, nail ola bilməyiblər. “Biz son beş il ərzində danışıqlar masasındakı prinsiplərin müzakirəsini davam etdiririk”, – Məmmədyarov qeyd edib. Nazir Azərbaycan tərəfinin həll edilmiş hesab etdiyi məsələlərin Ermənistan tərəfindən yenidən müzakirələr masasına çıxarılmasından və bunun danışıqları çətinləşdirməsindən təəssüf etdiyini bildirib. Onun sözlərinə əsasən, Dağlıq Qarabağa dair danışıqlar – mərhələli prosesdir. “İlk növbədə bu proses Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və bunun ardınca isə regionda kommunikasiyaların bərpa olunmasını nəzərdə tutur”, – Məmmədyarov əlavə edib.

“Sonra məcburi köçkünlər bu ərazilərə qayıtmalıdırlar, sülh, stabillik şəraiti yaradılmalıdır, iqtisadi vəziyyət yaxşılaşmalıdır. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər”, – Məmmədyarov qeyd edib. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bir yerdə yaşamış ermənilər və azərbaycanlılar gələcəkdə Dağlıq Qarabağın statusunu birgə müəyyənləşdirə bilərlər, lakin bu status yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməlidir”, – nazir qeyd edib.

Məmmədyarovun sözlərinə əsasən, bu cür nümunələr çoxdur. “Rusiyanın ərazi bütövlüyü çərçivəsində öz statuslarını müəyyənləşdirən tatarlar və başqırdlar və ya Slovakiyadakı macarlar buna misal ola bilər. Bu istiqamətdə də işlər aparılır”, – nazir bildirib. “İnanmıram ki, bu gün biz hər hansı tamamlama mərhələsinə çıxa bilərik. Birinci mərhələ – erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması həyata keçmədən biz hər hansı digər məsələlər barədə danışa bilmərik”, – Məmmədyarov bildirib.

Onun sözlərinə əsasən, ermənilər qoşunlar çıxarılmazdan öncə bir çox məsələləri müzakirə etmək istəyirlər. “Dağlıq Qarabağın müvəqqəti statusu müzakirə mövzusudur, lakin tərəflər bu ərazilərdə Azərbaycan və erməni icmaları üçün nə kimi şəraitin yaradılmasını müəyyənləşdirməlidirlər”, – Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO