Bakı və Yerevanda hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının əsas prinsipləri üzrə razılığın əldə olunması yolunda irəliləyişlərə nail olmaq üçün müzakirələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşkilatın saytında dərc olunan bəyanatında deyilir. “Prezidentlər həmsədrlərin növbəti dəfə – noyabrın sonunadək ikitərəfli görüşün (bu il ərzində altıncı) təşkil edilməsi barədə təklifi ilə razılaşıblar. Görüşün keçiriləcəyi tarix və yer hələ razılaşdırılmalıdır”, – bəyanatda deyilir.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər”, – press-relizdə deyilir. Onlar noyabrın 5-də – Yerevana səfərdən öncə – Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə, noyabrın 6-da isə Ermənistan Prezidenti Serj Sarkisyanla görüşüblər. “Həmsədrlər İlham Əliyev ilə ikinci görüşün keçirilməsi üçün noyabrın 6-da Bakıya qayıdıblar”, – bəyanatda deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.