Azərbaycan Tİ-nın korrupsiyanın səviyyəsi ilə bağlı hesabatının peşəkarlığından şübhələnir

Azərbaycanın Milli Məclisinin (Parlament) komitə sədri “Transparency International” beynəlxalq təşkilatının dünyada korrupsiyanın səviyyəsi ilə bağlı son hesabatının peşəkar hazırlanmasına şübhə ilə yanaşır. “Hesabat beynəlxalq institutların rəyi əsasında deyil, ictimaiyyət nümayəndələri arasında keçirilmiş sorğu əsasında hazırlanıb. Monqolustan, Rusiya, Belarus kimi ölkələrin hesabatda eyni dərəcədə qiymətləndirilməsi təəccüb doğurur”, – cümə axşamı jurnalistlərə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Trend News-un arayışı: “Transparency International” beynəlxalq təşkilatı dünyada korrupsiyasnın səviyyəsi ilə bağlı “Qlobal korrupsiyanın barometri – 2009” hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda korrupsiya 5 ballıq şkala ilə 3,3 balla qiymətləndirilib. Hesabatın hazırlanması üçün təşkilat 2008-ci ilin oktyabrından 2009-cu ilin fevralına qədər 69 ölkədə araşdırmalar aparıb. Araşdırmalar çərçivəsində 73 min 132 nəfərdən sorğu götürülüb.

Hüseynovun fikrincə, hesabatda Azərbaycanda siyasi partiya və medianın az korrupsiyalaşmış sahələr kimi qiymətləndirilməsi müsbət haldır.”Hesabatda Azərbaycanda özəl sektorda korrupsiyanın olmasının hansı əsaslarla qiymətləndirməsi məlum deyil. Azərbaycan qanunvericiliyində özəl sektorda korrupsiya ilə bağlı hüquqi baza mövcud deyil”, – o deyib. Komitə sədri bildirib ki, gələcəkdə Azərbaycanda özəl sektorda korrupsiya ilə bağlı xüsusi qanunun qəbul olunmasına ehtiyac olacaq.

Hüseynov hökumətin korrupsiya ilə bağlı mübarizə sahəsində kifayət qədər islahatlar apardığını bildirib. “Cəmiyyət bu islahatlar barədə kifayət qədər məlumatlı deyil. Buna görə də islahatlar barədə cəmiyyət daha çox maarifləndiriləcək”, – komitə sədri bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO