“İŞGƏNCƏ VƏ DİGƏR QƏDDAR, QEYRİ-İNSANİ VƏ YA LƏYAQƏTİ ALÇALDAN RƏFTAR VƏ YA CƏZA ƏLEYHİNƏ KONVENSİYA”NIN FAKÜLTATİV PROTOKOLUNUN İCRASININ TƏMİN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Birləşmiş Millətlər Təşkilatının “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 724-IIIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Fakültativ Protokolunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) müəyyən edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun icrası ilə əlaqədar zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisatın müəyyən edilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq bildiriş göndərsin.
Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2009-cu il.