Azərbaycan Respublikasının mənzil məcəlləsi üçüncü oxunuşda müzakirəyə hazırdır

İyunun 22-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə iqtisadi siyasət komitəsinin birgə iclası keçirilmişdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov iclası açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edilmişdir. Sənəd barədə deputatların, mütəxəssislərin qeyd və təklifləri Milli Məclisin geniş iclaslarında birinci və ikinci oxunuşlarda artıq müzakirə olunmuşdur.

Bildirilmişdir ki, bu məsələyə ölkə ictimaiyyətinin geniş marağını nəzərə alaraq, sənəd üzərində iş aparılarkən sıravi vətəndaşlardan daxil olan müraciətlər də diqqətdən kənarda qalmamışdır. Məcəllənin parlamentin iclaslarında birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı təklif olunan irad və təkliflər ekspertlər və mütəxəssislər tərəfindən hərtərəfli araşdırılmışdır. Üçüncü oxunuş üçün müzakirəyə təqdim olunan bu layihədə sənədlə əlaqədar səslənən fikirlərin böyük bir qismi öz əksini tapmış, Məcəlləyə bir sıra vacib dəyişikliklər edilmişdir. Bunlar, əsasən, yaşayış sahəsinin sığortası, onun qeyri-yaşayış sahəsinə keçirilməsinin şərtləri, yaşayış sahəsinin yenidən qurulması, planlaşdırılması və digər hallarla bağlı məsələlərdir.

Sonra iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Sahibkarlıq fəaliyyəti haqqında” qanununa əlavə edilməsi ilə bağlı məsələ barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, qanunun qəbul edildiyi 1992-ci ildən ötən müddətdə bu sahədə xeyli nailiyyətlər əldə edilmiş, keyfiyyət dəyişikliyi baş vermişdir. Təklif olunan əlavə dünyanın əksər ölkələrində qüvvədə olan müvafiq qanunlarda da öz əksini tapmışdır.

Bildirilmişdir ki, qanunun 10-cu maddəsinə əlavə olunan 3-cü bəndə uyğun olaraq, xarici vətəndaşlar tərəfindən təsis edilmiş filial və nümayəndəliklərin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olmalı və onların namizədlikləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır, yalnız bundan sonra müəssisə dövlət qeydiyyatına alına bilər. Bu, milli maraqlar, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması baxımından vacib olan bir düzəlişdir.

İclasda iştirak edən deputatlar müzakirəyə çıxarılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparmış, təklif olunan dəyişikliklərə münasibət bildirmişlər. Sonda hər iki layihə Milli Məclisin iclasında müzakirə üçün tövsiyə edilmişdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO