Azərbaycan Prezidenti: “Biz artıq ikinci böyük investisiya qoyuluşunun astanasındayıq”

“Azərtac” Dövlət Agentliyinə istinadən verilən xəbərə görə, iclasda çıxış edən prezident regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının 2004-cü ildə qəbul edildiyini, 2004-2008-ci illəri əhatə etdiyini xatırladıb.

Ölkə başçısı birinci proqramın qəbul edilməsinin ölkənin inkişafında çox mühüm rol oynadığını, bölgələrdə böyük quruculuq işləri aparıldığını, yüz minlərlə yeni iş yeri açıldığını deyib: “Yeni sənaye müəssisələri yaradılıb. Bir sözlə, regionların inkişafı və canlanması məhz proqramın qəbul edilməsi ilə bilavasitə bağlı olub. Onu da qeyd etmək istəyirəm ki, 2004-2008-ci illərdə Proqrama əlavələr də, düzəlişlər də edildi. Çünki sürətli inkişafımız çox böyük templərlə ölçülürdü. O illərdə orta hesabla ümumi daxili məhsul 20 faizdən çox səviyyəsində idi. Belə olan halda, büdcəyə gələn əlavə gəlirlər əlbəttə ki, Proqrama edilmiş düzəlişlərə öz təsirini göstərib. Bütövlükdə deyə bilərəm ki, 2004-2008-ci illəri əhatə edən Proqram artıqlaması ilə icra edildi, proqramın icrası nəticəsində ölkəmizin inkişafı və iqtisadiyyatımızın şaxələndirilməsi işində böyük və uğurlu addımlar atıldı”.

Prezident 2009-2013-cü illəri əhatə edən Proqramın da uğurla icra edildiyini qeyd edib: “2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaq. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artıb. Bu artım deyə bilərəm ki, o cümlədən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olub”.

Ölkə başçısı qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərildiyini söyləyib. İlham Əliyev ölkədə sənayeləşmə prosesinin sürətlə getməsinin, kiçik və orta sahibkarlığın inkişaf etməsinin vacibliyini vurğulayıb: “Dövlət büdcəmiz artır. Müqayisə üçün deyə bilərəm ki, 2004-cü illə müqayisədə builki dövlət büdcəmiz 12 dəfə böyükdür. Bu gün dövlət büdcəmiz 16 milyard dollar səviyyəsindədir və çox güman ki, il ərzində büdcə xərcləri daha da arta bilər. Çünki büdcədə neftin qiyməti 60 dollardan hesablanıb. Hazırda neftin qiyməti demək olar ki, o rəqəmdən iki dəfə çoxdur”.

Prezident deyib ki, 2013-cü ilə qədər ikinci proqramın icrası hesabına ölkə qarşısında duran əsas iqtisadi, sosial və infrastruktur məsələləri öz həllini tapmalıdır.

Ölkə başçısının sözlərinə görə, 2004-2008-ci illərdə Azərbaycana böyük həcmdə investisiyalar qoyulub: “ Çox sevindirici haldır ki, son ildə qoyulan investisiyaların böyük əksəriyyəti daxili investisiyalardır. Artıq daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu onu göstərir ki, bir tərəfdən Azərbaycan dövlətinin gücü artıb, digər tərəfdən investisiyaların müəyyən hissəsi özəl sektor tərəfindən qoyulur. Özəl sektor da Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnir. O cümlədən dövlət tərəfindən verilmiş sifarişləri icra edərkən özəl şirkətlər güclənir, əlavə maliyyə vəsaiti əldə edir. O vəsaiti yenidən ölkə iqtisadiyyatına investisiya şəklində qoyur və beləliklə, həm şirkətlər güclənir, həm ölkə iqtisadiyyatı üçün əlavə investisiya mənbəyi yaradılır”.

Prezident bundan sonra da dövlət xətti ilə dövlət investisiya proqramlarının icra ediləcəyini deyib: “ Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti var”.

Prezident 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin başa çatmalı olduğunu bildirib: “Yollar, su xətləri, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələrinin hamısı dövlət proqramında əksini tapıb və 2013-cü ilə qədər bütün bu məsələlər tam şəkildə öz həllini tapmalıdır. Ondan sonrakı illərdə yəqin, yeni sahələr də müəyyən ediləcək ki, dövlət öz tərəfindən oraya investisiya qoyacaq. Eyni zamanda, biz dövlət investisiyaları üçün yeni imkanları da axtarmalıyıq, araşdırmalıyıq, həm ölkə daxilində, həm ölkəmizin xaricində. Bu sahədə dövlət qurumları və özəl sektor birgə fəaliyyət göstərə bilər. Necə ki, biz vaxtilə Azərbaycanda Dövlət İnvestisiya Şirkətini yaratdıq və o şirkətin vasitəsilə xaricdən və daxildən ölkə iqtisadiyyatına investisiyaları gətirdik, eyni qaydada biz dövlət və özəl sektorlarının iştirakı ilə xarici ölkələrə də investisiyalar qoya bilərik.
Bu həm bizim biznes maraqlarımızı təmin edəcək, həm də ki, Azərbaycanın beynəlxalq imkanlarını genişləndirəcək və beynəlxalq mövqelərimiz daha da güclü olacaq”.

Ölkə başçısı hazırda dövlət şirkətləri və xüsusilə, Dövlət Neft Şirkəti xarici ölkələrə böyük investisiyalar qoyduğunu xatırladıb.

Prezident ötən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulduğunu bildirib: “Azərbaycan xarici sərmayələrin qorunması işində böyük və uğurlu yol keçib. Bu sərmayələr Azərbaycanda qorunur. Biz elə etməliyik ki, ölkəmizdə biznes mühitini daha da sağlamlaşdıraq, daha da yaxşılaşdıraq”.

Prezident İlham Əliyev ölkədə güclü sosial siyasət aparıldığını qeyd edib: “Son 6-7 il ərzində ölkəmizdə 2 mindən artıq məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya İdman Mərkəzi tikilib və bu proses davam etdirilir. Bölgələrdə sosial infrastrukturun, xüsusilə səhiyyə sahəsində sosial infrastrukturun yaradılması böyük məna daşıyır və biz növbəti illərdə həm dövlət büdcəsindən, həm başqa mənbələrdən bu sahədəki fəaliyyətimizi daha da gücləndirəcəyik”.

Ölkənin inkişafı üçün özəl sektorun möhkəmlənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan prezident bu gün iqtisadiyyatın 80 faizdən çoxunu özəl sektorda formalaşdığını deyib.

“Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2010-cu illərdə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilib. O kreditlərin verilməsi demək olar ki, özəl sektorun inkişafına çox böyük təkan verdi. Kreditlərin 80 faizi regionlara verilir. Bu da bizim siyasətimizi və niyyətimizi göstərir”-deyə, ölkə başçısı bildirib.

Prezident bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kredit veriləcəyini deyib.

Prezident deyib ki, bu gün dünyada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön planına çıxıb: “Zəngin neft yataqlarımız, qaz yataqlarımız aşkarlanıb. Çoxşaxəli boru kəməri infrastrukturumuz vardı ki, resurslarımızı istənilən istiqamətə nəql edə bilər və əslində nəql edir. Bu gün bu reallıqdır. Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz bütün lazımi işləri görmüşük və böyük sərmayələrin qoyuluşuna da hazırıq. Hesab edirəm ki, bu il və ondan sonrakı illərdə Azərbaycanın energetika, neft-qaz, xüsusilə qaz sektoruna milyardlarla dollar vəsait qoyulacaq. Həm ölkə iqtisadiyyatı, həm də özəl sektor buna hazır olmalıdır”.

Prezident artıq Azərbaycanın ikinci böyük investisiya qoyuluşunun astanasında olduğunu bildirib: “Artıq biz buna daha da hazırıq. Sadəcə olaraq, mən özəl sektora bildirmək istəyirəm ki, onlar da qoyulacaq bu böyük investisiyaların icrasında fəal iştirak etsinlər, xaricdən Azərbaycanın qaz sektoruna qoyulacaq pulların böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən öz həllini tapsın və Azərbaycan şirkətləri bundan bəhrələnsinlər”.

”Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir, müasir dövlət yaratmaqdır. Ona görə Azərbaycanda aparılan və aparılacaq islahatlar da çoxşaxəli olmalıdır. İqtisadi islahatlar ölkə iqtisadiyyatının liberallaşmasına, güclü özəl sektorun yaranmasına gətirib çıxaracaq, insanlar daha da yaxşı yaşayacaqlar. Sosial rifah artacaq, iş yerləri, yerli sənaye yaranacaq. Mən yaranacaq deyirəm, əslində bu yaranıb və yaranmaqdadır. Azərbaycanda bütün azadlıqlar tam şəkildə bərqərar olunacaq. Yəni, sahibkarlığın inkişafı əslində ölkəmizin hərtərəfli inkişafına, müasirləşməsinə böyük təkan verir.

Bu gün Azərbaycanda sahibkarlar sinfi yaranıb. Mən hesab edirəm ki, növbəti illərdə özəl sektorda aparılan işlərin keyfiyyətinin artırılması məsələlərinə daha da böyük diqqət göstərilməlidir” deyə, prezident bildirib.

Prezident bölgələrdə açılan yeni fabriklərin, zavodların dünya standartlarına uyğun olduğunu, beynəlxalq sertifikatlar aldıqlarını bildirib: “Bununla bərabər, hesab edirəm ki, növbəti iki il ərzində istehlak olunan əsas məhsullar ölkədə istehsal olunmalıdır. Hələ ki, daxili bazarı yüz faiz təmin edə bilmirik, ancaq biz buna çalışmalıyıq. Biz bilirik ki, bazar iqtisadiyyatı və qloballaşma şəraitində bəlkə də bu bir nömrəli vəzifə deyil, yaxud da ki olmamalıdır. Çünki bütün ölkələr bir-biri ilə bağlıdır. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq biz onu da görürük ki, dünyada baş verən proseslər, hadisələr, istər siyasi müstəvidə, istər iqtisadi sahədə, kənd təsərrüfatı sahəsində dünyanın müxtəlif yerlərində, müxtəlif qitələrdə baş verən təbii fəlakətlər də reallıqdır. İki-üç il bundan əvvəl biz bunların bəlkə də on faizini görürdük. Nadir hallarda baş verdi. İndi demək olar ki, hər ay haradasa ya daşqın, ya sel, ya yanğın baş verir. Özü də mövsümdən, coğrafi yerləşmədən asılı olmayaraq. Bu, istər-istəməz kənd təsərrüfatı istehsalına təsir göstərir. Biz müəyyən dərəcədə,- mən ərzaq məhsullarını nəzərdə tuturam, -xarici idxaldan asılıyıq. Əgər belə narahatedici məqamlar olmasaydı, biz bu barədə bəlkə də söhbət açmazdıq. Nəyi istehsal ediriksə edirik, nəyi istehsal edə bilmiriksə xaricdən alırıq.

İndi xarici bazarlarda neftin qiyməti 110 dolları ötüb. Bəziləri Azərbaycanda buna sevinə bilərlər. Amma burada sevinmək üçün heç bir əsas yoxdur. Neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaq. O cümlədən bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaq. Ona görə indi siyasi proseslər belə cərəyan edir ki, gələcək inkişafı, dünyada gedən prosesləri proqnozlaşdırmaq bir qədər çətindir. Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Necə ki, enerji təhlükəsizliyimizi artıqlaması ilə təmin etmişik. Bu gün Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu rol daha da artacaq. Nəqliyyat təhlükəsizliyini təmin edirik. Azərbaycanda ərzaq təhlükəsizliyi də mütləq təmin edilməlidir”.

Prezident deyib ki, Azərbaycan hər bir çağırışa, hər bir vəziyyətə hazır olmalıdır: “ Bizim imkanlarımız var. Bununla bərabər, bizim düşünülmüş siyasətimiz var. Biz dünyada gedən prosesləri izləyirik, bilirik. Azərbaycan bu gün regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilib. Biz bunu siyasətimiz, apardığımız islahatlar, düşünülmüş addımlarımızla etmişik. Bu gün Azərbaycan regional faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır. Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bütün bu reallıqlara çatmaq üçün mühüm rol oynayıb.
Eyni zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO