– ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatını ədalətli və obyektiv saymaq olarmı?
– ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatı hazırda tərəfimizdən öyrənilir. Missiya hesabatı nə dərəcədə obyektiv aparıb, hansı məsələlərə obyektiv toxunulub, hansı məsələlərdə yenə də “heç kimi incitməmək, günahlandırmamaq” mövqeyi tutulub, bununla bağlı Azərbaycan hakimiyyətinin mövqeyi formalaşdırılır, açıqlama veriləcək.
Mənim şəxsi fikrimə qalsa, mən ATƏT həmsədrlərinin fəaliyyətinin, o cümlədən bu cür dəyərləndirmələrinin obyektivliyinə və prinsipiallığına şübhə edirəm. O anlamda şübhə edirəm ki, bunlar neçə illərdir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri “incitməmək”, ortaq nöqtələr axtarmaq, işğalçı ilə işğala məruz qalan tərəf arasında balans tapmaq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və s. tipli siyasət aparırlar. Halbuki həmsədrlər institutu başlanğıcdan bu məsələyə prinsipial münasibət sərgiləməli, ortaya prinsipial mövqe qoymalı idi. Həmsədrlərin təmsil etdiyi ölkələr dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malikdir. Onlar bəri başdan məsələyə obyektiv və beynəlxalq hüquqa uyğun qiymət verməli, müəyyən qədər iradə göstərib, erməniləri işğalçılıq siyasətindən əl çəkməyə sövq etməli idilər. BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Azərbaycanın torpaqları neçə illərdir, işğal altındadır. Baxın, Liviyada diktatora qarşı BMT-nin çıxardığı 1 qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı 4 qətnaməsi ortada ola-ola, icrasına heç bir ciddi səy göstərilməyib. O cümlədən həmsədr ölkələr hansısa ciddi cəhd göstərməyib, erməniləri işğal altında olan torpaqlardan çıxmağa məcbur etməyib. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində həlak olanların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların sayı yenə də oradakından dəfələrlə çox – 1 milyondan artıqdır. Ermənilərin Xocalıda, Malıbəylidə, Daşaltıda və başqa yerlərdə törətdikləri qəddarlıqlar Qəddafinin törətdiyi qanlı hadisələrdən dəfələrlə faciəli və qanlıdır. Bütün bunlara qarşı belə biganə münasibət dünya siyasətinin, o cümlədən həmsədrlər ölkələrin ikili yanaşmasının, ikili siyasətinin nəticəsidir. Ona görə də ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hazırladığı hesabatın da tam prinsipial və obyektiv olacağına bəri başdan şübhəm var.
– Müxalifət partiyaları və təşkilatlarının yaratdığı İctimai Palata aprelin 2-də mitinq keçirməyi planlaşdırır. Ərəb ölkələrində baş verən hadisələr fonunda 2 aprel gününü üsyanın başlanğıc günü kimi qələmə verənlər də var…
– Ərəb ölkələrində baş verən hadisələrlə Azərbaycandakı mövcud vəziyyət arasında analogiya axtarmaq qətiyyən doğru deyil. Əlbəttə, Azərbaycanda bəzi qüvvələr, partiyalar, insanlar var ki, ölkədə vəziyyətin qarışmasını, gərginləşməsini, iqtidar-müxalifət qarşıdurmasının olmasını, buraya kənar qüvvələrin müdaxilə etməsini, Azərbaycanın bu gün yürütdüyü siyasətin pozulmasını və s. arzu edirlər. Ancaq bunun üçün ictimai əsas, ictimai dayaq yoxdur. Ona görə də mən bu analogiyanı qüsurla hesab edirəm. O ki qaldı müxalifətin mitinq cəhdlərinə, biz onların qanun çərçivəsində etdikləri bütün cəhdlərə normal reaksiya veririk. Onların mitinq keçirmə arzusunu da anlayırıq və deyirik ki, bu, onların hüququdur, keçirə bilərlər. Lakin mitinq qanuna müvafiq, münasib yerlərdə təşkil oluna bilər. Belə yerlər də Azərbaycan hakimiyyəti tərəfindən ayrılıb, bundan sonra da ayrılacaq.
– Martın 25-də işdən evə gedərkən naməlum şəxslər tərəfindən döyülmüş “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi bunun jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir. Buna münasibətiniz necədir?
– Bu məsələ ilə bağlı hazırda Daxili İşlər Nazirliyi araşdırma aparır. Məlum olduğu kimi, martın 28-də bununla bağlı Mətbuat Şurası ilə birlikdə xüsusi qrup yaradılıb, araşdırma gedir. Əgər belə hadisə olubsa və bu, məhz həmin şəxsin jurnalistlik fəaliyyətinə görə törədilibsə, mütləq şəkildə günahkar tapılacaq və cəzasını alacaq. Amma təəssüflər olsun ki, son zamanlar Azərbaycanda belə imitasiyalara, təsdiqini tapmayan hallara da rast gəlinib. Məlum olduğu kimi, Azərbaycanda son zamanlar bəzi müxalifət dairələri istənilən hadisədən maksimum şəkildə istifadə edərək, Azərbaycan hakimiyyəti əleyhinə bu və ya digər kampaniyalar aparır. Mətbuatla, jurnalistika ilə bağlı məsələlər də həddən artıq şişirdilərək bu şəkildə qələmə verilir. Dediyim kimi, son məsələ ilə bağlı araşdırma aparılır, nəticə bəlli olandan sonra münasibət açıqlayarıq. Azərbaycan hakimiyyətinin mövqeyini bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan hakimiyyəti azad mətbuatın qarantıdır, mətbuat, söz azadlığı, siyasi plüralizm Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas mahiyyətini təşkil edir. Azərbaycan prezidenti İlham Əliyev bütün prezidentliyi dövründə də bunu sübut edib ki, Azərbaycanda azad medianın, kütləvi informasiya vasitələrinin inkişafında maraqlıdır. Bunun üçün də dövlət tərəfindən bütün lazımi dəstək göstərilir.
– Ölkədə aparılan antikorrupsiya tədbirləri ilə bağlı vəziyyət hazırda nə yerdədir?
– Azərbaycanda antikorrupsiya tədbirləri kifayət qədər səmərəli aparılır və bunun faktiki nəticələri mövcuddur, bu nəticələr göz önündədir. Bütün sahələrdə yaxşılaşma müşahidə olunur. Bu tədbirlər o vaxta qədər davam etdiriləcək ki, millətimizə, dövlətimizə, bizim bugünkü siyasətimizə yad olan bütün neqativ hallar aradan qaldırılsın. Əminik ki, bu problemin həlli istiqamətində mühüm nəticələrə nail olacağıq.
– Azərbaycan prezidenti Novruz şənliklərində iştirak etmək üçün İrana dəvət olunmuşdu. Bu səfərin gerçəkləşməməsi nə ilə əlaqədardır?
– İran tərəfi Novruz şənliklərini qeyd etmək üçün cənab prezidenti İrana dəvət etmişdi. Ancaq məlum olduğu kimi, Azərbaycanın özündə də Novruz şənlikləri keçirilirdi və cənab prezidentin vaxt qrafiki həddən artıq gərgin idi. Ona görə də İrana səfər etməsi mümkün olmadı. Ümumiyyətlə, Azərbaycan prezidentinin İrana belə bir səfəri nəzərdə tutulmamışdı.