Azərbaycan Parlamentinin komitə sədri miqrasiya ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsinin tərəfdarıdır. “Son illər Azərbaycana da miqrasiya axını artıb, ölkəmizə Çin, Əfqanıstan və Pakistandan gələnlər çoxdur”, – Trend News-un məlumatına görə, cümə günü Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hakim Yeni Azərbaycan Partiyasının internet saytına bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin əvvəlində miqrasiya proseslərinin idarə edilməsi istiqamətində “vahid pəncərə” prinsipinin tətbiqi barəsində göstəriş verib. Rəsmi məlumatlara görə, Azərbaycan Daxili İşlər Nazirliyində 54 mindən çox miqrant qeydiyyatdan keçib. Onların əksəriyyəti Gürcüstan, Orta Asiya ölkələri, İran, İraq, Pakistan, Hindistan, Banqladeş, Çin, Nigeriya və digər ölkələrdəndir.
Aslanovanın sözlərinə görə, hazırda dövlətin əsas vəzifəsi miqrantların statusunu müəyyən etməkdir. “Azərbaycandakı sosial-iqtisadi inkişaf dünyanın diqqətini cəlb edir. Miqrasiya axını da bu səbəblə bağlıdır”, – komitə sədri əlavə edib.
Millət vəkili deyib ki, ölkəmizə gələnlərin əksəriyyəti işçi miqrantlardır. “Təbii ki, bu məsələ qanunvericiliyə uyğun tənzimlənir və miqrasiya axını artdıqca, müvafiq qanunlara dəyişikliklərin edilməsinə ehtiyac yaranacaq”, – Aslanova vurğulayıb.