Azərbaycan Parlamenti bəzi sənəd və qanun layihələrini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra sənədlər qəbul olunub. Trend-in məlumatına görə, bu sənədlərdən biri “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə qanun layihəsidir.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı geniş və iradəli tədbirlər görülür.

“Eyni zamanda, korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramında beynəlxalq əməkdaşlıq hər zaman diqqətdə olub. Azərbaycan Prezidenti tərəfindən təklif olunan hazırkı sənəd də bunu nəzərdə tutur. Sənədin əsas mahiyyəti milli qanunvericilikdə nəzərdə tutulan arbitr şəxslərin də korrupsiya cinayətinin subyekti kimi təsbit olunması tövsiyə olunur”, – Hüseynli deyib.

Arbitr dedikdə qeyd olunan Protokolun iştirakçısı olan dövlətlərin milli qanunvericilikləri ilə müəyyən edilən şəxs başa düşülür.
Sənəd səsə qoyularaq qəbul olunub.

Bundan başqa, iclasda “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Patent haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul olunub.
Sonra “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Layihə barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, sənədə əsasən Azərbaycana məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur.

O qeyd edib ki, bu gün Azərbaycanda xalq seleksiyasının yaratdığı qiymətli bitki nümunələri və alimlərin müasir seleksiya sortları xaricdən gətirilən rayonlaşmamış müxtəlif sortlar və hibridlər tərəfindən sıxışdıralaraq sıradan çıxarılır: “Bunlardan buğdanın Qaraqılçıq, Sarı buğda, arpanın Dağ arpası, Ağ ARPA, Qara arpa, qarğıdalının Zaqatala, Xocalı, Tovuz, çəltyin Ənbəri, Sədri sortları, Sabirabad qarpızı, Ağ Quba alması, Abşeron şanıları, habelə onlarla qiymətli brend bitkiləri isal çəkmək olar. Hazırda Azərbaycanda Bitki Genetik Ehtiyatları üzrə Mərkəzi Məlumat Bazasında qeydiyyata alınmış 2200-dən çox yerli ənənəvi bitki sortlarının böyük bir qismi tamamilə itib, qalan hissəsi isə kənd təsərrüfatı elmi-tədqiqat institutlarında əlverişsiz şəraitdə saxlanılır. Eyni zamanda, sırf Azərbaycan xalqına məxsus bəzi bitki sortları üzdəniraq qonşularımız tərəfindən mənimsənilir. Məhz buna görə də bu sənədlə Azərbaycan xalqına məxsus bitki sortlarının qorunması məsələsi ciddiləşdirilir”.
Sənədin müzakirəsi zamanı deputat Aytən Mustafayeva endemik bitki məsələsinə toxunub və qarpızı buna nümunə çəkərək deyib ki, ancaq Azərbaycana məxsusdur. O, həmçinin deyib ki, Zirə pomidoru, Gədəbəy kartofu sortlarının qorunması hazırda ciddi məsələdir.
“Bir məqamı buna misal olaraq deyim: Prezident İlham Əliyev Zirəyə getmişdi. Orada pomidor kolu adamdan hündür idi, genetik modifikasiyaya məruz qalmış sort idi. Zirə pomidoru kimi qiymətli sortların kənardan gətirilən belə sortlarla sıradan çıxarılmasına yol vermək olmaz”.
Spiker Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, qarpız Azərbaycanda və başqa yerdə də yetişdirilir.
“Endemik ona görə deyilir ki, şamama, Sabirabad qarpızı ancaq Azərbaycanda yetişdirilir. Ancaq bu o demək deyil ki, qarpızı təkcə Sabirabadda yetişdirmək olar. Bu qanun qarpızın Azərbaycanın başqa yerlərində yetişdirilməsinə qadağa qoymur”, – o deyib.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. İclasda buna müvafiq olaraq “Seleksiya nailiyyətləri haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” qanunlara da dəyişikliklər edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO