İclasda çıxış edən parlamentin spikeri Oqtay Əsədov bildirib ki, büdcə zərfi sənədləri ölkə həyatında müşayiət olunan dinamik inkişafın göstəricisidir. O.Əsədov məlumat verib ki, cari ilin yanvar-sentyabr aylarının nəticələri göstərir ki, ilin sonuna qədər ÜDM artımı əldə ediləcək. Neft sektoru sabit saxlanmaqla yanaşı iqtisadiyyatın bütün sahələrində 8-9% artım əldə ediləcək. Gələn il isə ölkə iqtisadiyyatına 14 mlrd. dollar sərmayə qoyulacaq, daxili sərmayənin payı 70%-dən çox olacaq.
Dövlət büdcəsinin gəlir və xərclərində kəmiyyət dəyişikliyi baş verib. Belə ki, gəlirlərin 73%-i neft, 23%-i qeyri-neft sektorunun payına düşəcək. Azərbaycan hökuməti büdcənin tərtibi praktikasını ilbəil təkmilləşdirir.
Büdcə layihəsi barədə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, ölkədə güclü iqtisadi təhlükəsizlik bazası yaradılıb ki, bu da ildən ilə büdcənin hazırlanmasında böyük rol oynayır.
İclasa baş nazir Artur Rasizadə olmaqla hökumət üzvləri qatılıb. Hazırda maliyyə naziri Samir Şərifov büdcənin parametrləri barədə məruzə edir.