Azərbaycan ombudsmanı Rusiyada saxlanılan azərbaycanlı miqrantların bəzilərinin tezliklə ölkəyə gətiriləcəyini deyib. “Moskvadakı əcnəbi vətəndaşlar üçün saxlama mərkəzində saxlanılan azərbaycanlı miqrantların hər birinin problemlərinin öyrənilməsi, hüquqlarının izah edilməsi və ən qısa vaxt ərzində Vətənə qaytarılmasında yardımçı olması xahişi ilə həmin mərkəzin rəisinə müraciət edilib. Saxlanılan 11 Azərbaycan vətəndaşının problemləri qanun çərçivəsində həll edildikdən sonra onlar artıq Vətənə dönəcəklər”, – Trend News-un məlumatına görə, bu barədə cümə günü ombudsman Elmira Süleymanova Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dmitriyeviç Doroxinlə müzakirə zamanı deyib.
Ombudsman orada saxlanılan daha 10 azərbaycanlının Vətənə mümkün qədər tez qaytarılması xahişi ilə mərkəzin rəhbərinə müraciət etdiyini bildirib.
Müvəkkil qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyətinin əsas strategiyasını heç bir ayrı-seçkiliyə yol vermədən əhalinin müxtəlif qruplarının – ahılların, qadınların, uşaqların, əlillərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, hərbi qulluqçuların, milli, dini azlıqların və s. insan hüquqlarına dair əsas beynəlxalq müqavilələrdə, hüquqi-normativ aktlarda təsbit olunmuş hüquqlarının müdafiəsinin təşkil etdiyini vurğulamışdır.