Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı genişləndirir

Ümumdünya Turizm Təşkilatının Madriddə yerləşən qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təşkilatın baş katibi Taleb Rifai arasında təkbətək görüş keçirilib.

Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, daha sonra görüş geniş tərkibdə davam etdirilib. Görüşdə 29 may-1 iyun tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizm sahəsi üzrə sessiyanın keçirilməsi və həmin sessiyaya Təşkilata üzv ölkələrin turizm nazirlərinin dəvət edilməsi, Azərbaycanda elektron viza sisteminin tətbiqinə Təşkilat tərəfindən texniki dəstəyin göstərilməsi, Mədəniyyət və Turizm Nazirliyi ilə qurum arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihələr müzakirə edilib.

Bununla yanaşı qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni «Turizm haqqında» qanun layihəsi hazırlanıb. Həmin sənədin yerli və xarici ekspertlər və digər rəsmi qurumlarla müzakirə edilməsi üçün fevralın 3-12-də Ümumdünya Turizm Təşkilatının eksperti Bakıda olacaq.

Bununla yanaşı Berlin şəhərində «ITB Berlin» Beynəlxalq turizm sərgisi zamanı Ümumdünya Turizm Təşkilatının tərəfindən təşkil olunacaq İpək Yolu ölkələrinin turizm nazirlərinin görüşündə nazir Ə.Qarayevin iştirakı, habelə Bakıda keçirilməsi nəzərdə tutulan İpək Yolu üzrə İşçi Qrupunun toplantısı və «Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı» çərçivəsində 3-cü seminarla bağlı fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO