Mətbuat Şurası dövlət qurumları və təşkilatlarının jurnalistlərin informasiya sorğularının cavablandırılması vəziyyətinin öyrənilməsi ilə bağlı monitorinq aparır. Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. “Biz idarə və təşkilatların informasiya sorğularının cavablandırılmaması ilə bağlı monitorinq keçirirk. Jurnalistlərin sorğularını cavablandırmaqdan imtina edən bu qurumları müəyyənləşdirib siyahını elan edəcəyik. Məmurlar öz fəaliyyətləri barədə mətbuata məlumat verməkdən çəkinir və nəticədə informasiya əldə etməklə bağlı ciddi problemlər ortaya çıxır”, – Amaşov deyib.
Mətbuat Şurası sədrinin sözlərinə görə, informasiya sorğusunun cavablandırılmaması halları ən çox bölgələrdə yayılıb və məmurlar KİV-lə münasibətlərdən çəkinirlər. Əflatun Amaşov bildirib ki, Azərbaycanda bölgə mətbuatının çox ciddi problemləri var. Bu problemlər Mətbuat Şurasını narahat edir və bu problemlərin həlli yolarını araşdırır.
Onun sözlərinə görə, bölgə mətbuatının maddi-texniki vəziyyətinin çətin durumda olması jurnalist peşəkarlığını aşağı salan vacib problemdir. Mətbuat Şurasının sədri vurğulayıb ki, bölgələrdə mətbəələrin olmaması, KİV-in öz missiyalarını yerinə yetirməmələri və fəaliyyətləri zamanı reketçiliyə meyillənmələri bölgə mətbuatı ilə münasibətlərə mənfi təsir edir və bu məsələlər həllini tapmalıdır.
Amaşov qeyd edib ki, monitorinq bitəndən sonra Mətbuat Şurası yekunlarla bağlı geniş tədbir keçirəcək.