Azərbaycan millət vəkili AŞPA-dan münasibət bildirməyi tələb edib

Azərbaycan millət vəkili AŞPA-dan münasibət bildirməyi tələb edib Finlandiyalı parlamentar xanım Sinikka Hurskainenin hazırladığı bu hesabatda ümumi olaraq AŞPA-nın son zamanlardakı fəaliyyəti müzakirə edilib. Müzakirələrdə söz alan Ermənistan nümayəndə heyətinin üzvləri David Harutunyan və Armen Rustamyan AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə qarşı çıxaraq, AŞPA daxilində belə bir komitənin yaradılmasını düzgün olmadığını bildirib, Azərbaycanı iki ölkə arasında gedən danışıqlarda qeyri-konstruktiv mövqe tutmaqda ittiham etdilər. Daha sonra çıxış üçün söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun güllələnməsi faktını avropalı deputatların nəzərinə çatdırıb. “Məruzəçiyə hərtərəfli və dolğun məruzəsi ilə bağlı təşəkkür edirəm. Amma məruzədə Avropa Şurası məkanına daxil olan Cənubi Qafqaz bölgəsində son günlərdə baş verən və onsuz da gərgin olan bölgədə vəziyyəti daha da gərginləşdirən bir sıra məsələlərin öz əksini tapmadığına görə həmkarlarına bu barədə məlumat vermək istəyirəm.

Burada Ermənistan nümayənədə heyətinin üzvləri Harutunyan və Rüstəmyan çıxış etdilər. Biz gözləyirdik ki, onlar Ermənistan Silahlı Qüvvələrinin törətdiyi cinayətə görə, 9 yaşlı Fariz Bədəlovu qətlə yetirilməsinə görə ən azı burada üzr istəyəcəklər. Təəssüf edirəm ki, onlar bunu etmədilər. Və onların dövlətinin apardığı siyasətin simasını bir daha göstərdilər.

Bu ilin mart ayının 8-də Beynəlxalq Qadınlar Bayramı günündə Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən (Ağdamın işğal altında olan kəndlərindən) Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlə başından hədəf alaraq qətlə yetiriblər. Ailənin tək övladı olan Fariz Bədəlovun faciəli qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı bir insanlıq faciəsidir. Beynəlxalq Qadınlar Bayramında bir ananın gözləri əbədi olaraq yaşlı qoyuldu. Mən burada Ermənistanla sərhəd bölgəsini təmsil edən bir millət vəkiliyəm. Orada yaşayan insanlar, yeganə övladı qətlə yetirilmiş ana məndən onların səsini, fikirlərini sizə çatdırmağı xahiş ediblər. O ana soruşur: “Axı mənim 9 yaşlı uşağımın günahı nə idi ki, onu qətlə yetiriblər? Bəs mənim 9 yaşlı övladımı qətlə yetirənlər cəzasızmı qalacaq? İnsan haqlarının qorunması təməlləri üzərində qurulmuş Avropa Şurası, onun Parlament Assambleyası niyə susur, niyə Ermənistan Silahlı Qüvvələrinin 9 yaşlı bir uşağı qətlə yetirilməsini pisləmir? Niyə bir bəyanat və açıqlama ilə çıxış etmir? Nə üçün Ermənistandan Avropa Şurasına daxil olarkən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini, AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməni yerinə yetirməsini tələb etmir?” Övladı qətlə yetirilən ana bu suallara cavab istəyir. Onun qətlə yetirilmiş yeganə övladını heç kəs ona qaytara bilməz, amma o ən azı ədalət istəyir və bunu bu təşkilatdan gözləyir. Ümid edirəm ki, 9 yaşlı bir uşağın qətlə yetirilməsinə, yeganə övladını itirmiş ananın çağırışlarına Avropa Şurası, onun Parlament Assambleyası biganə qalmayacaq və 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləməklə yanaşı Ermənistandan cinayətkarların cəzalandırılmasını, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi və AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb edəcək. Ümid edirəm ki, siz bir uşağın qətlinə, bir ananın göz yaşlarına biganə qalmayacaqsınız və bu hadisəni pisləyəcək yazılı bəyanatı imzalayacaqsınız. Ümid edirik ki, siz uşaqların, sivil insanların qətlə yetirilməsinin dayandırılması üçün öz səsinizi ucaldacaqsınız”.

Qənirə Paşayeva bildirib ki, bu, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən birinci hadisə deyil: “Ermənistan Silahlı Qüvvələri tez-tez atəşkəs rejimini pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərindən Azərbaycan kəndlərini, sivil insanları snayperlərlə hədəf alaraq qətlə yetirir və ya yaralayırlar. Günahsız insanlar qətlə yetirilir, bunu törədənlər nəinki cəzalandırılmır, əksinə mükafatlandırılır. Günahsız qətlə yetirilən insanların ailə üzvləri, 15 ildən artıqdır ki, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizi Ermənistandan günahsız insanların qətlə yetirilməsinin dayandırılmasını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsində deyildiyi kimi işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi və qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməsini tələb etməyə, bu məsələlərə laqeyd qalmamağa çağırır. Seçim sizindir. Mən sizi ədaləti dəstəkləməyə çağırıram”.

Millət vəkili çıxışında vurğulayıb ki, Ermənistan bu addımları ilə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib: “Lakin Ermənistanın bölgədə vəziyyəti gərginləşdirən addımları bununla bitmir. Ermənistan dövləti işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq aeroport tikintisini həyata keçirir. Rəsmi İrəvan bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində aeroport tikintisinin həyata keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük bir zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədəki gərgin vəziyyəti daha da gərginləşdirmişdir. Təəssüflər olsun ki, Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq, Ermənistan rəsmiləri bölgədə vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda və açıqlama verməkdə davam edir. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində inşa olunan aeroporta enəcək təyyarənin ilk sərnişinin özü olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞPA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etməsi addımını qətiyyətlə pisləməklə yanaşı, rəsmi İrəvanı aeroportun tikintisini dayandırmağa, Ermənistan rəhbərliyini bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırmalı və bunu tələb etməlidir”.

Biz Ermənistan nümayənədə heyətinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin əleyhinə açıqlamalarını anlaya bilmirik. Gəlin xatırlayaq: bu komitə niyə yaranmışdı? Bu komitə AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin necə yerinə yetirilməsinə nəzarət etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində dialoq və müzakirələrin aparılması istiqamətində bir qurum kimi yaradılıb. Azərbaycan bu komitənin fəaliyyətini dəstəkləyir, çünki biz münaqişənin dinc yolla həll olunmasını istəyirik. Ermənistanın bundan imtina etməsi bir daha onun göstərir ki, onlar münaqişənin həllində maraqlı deyillər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO