Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına bir il müddətində 500 mindən artıq ərizə və şikayətlər daxil olub. APA-nın məlumatına görə, bu barədə konfederasiyanın rəhbəri Səttar Mehbalıyev xəbər verib. Onun sözlərinə görə, daxil olan ərizə və şikayətlər məzuniyyətlərin vaxtında verilməməsi, iş şəraiti, alınan xəsarətə görə kompensasiya, əməkhaqqının düzgün hesablanmaması, işdən qeyri-qanuni çıxarılma, sosial problemlər, mənzil problemləri, yardımlarla bağlı olub – “Biz bu ərizə və şikayətlərə diqqətlə baxırıq və çalışırıq ki, bu problemləri vaxtında həll edək”.
S. Mehbalıyev bildirib ki, işdən qeyri-qanuni çıxarılma halları olduqda əgər həmin şəxs həmkarlar ittifaqının üzvüdürsə, onunla bağlı məhkəməyə müraciət edilir və işinə bərpa olunur. O, işçiləri öz hüquqlarını öyrənməyə çağırıb: “Bütün işçilərin Əmək Məcəlləsindən, qanunvericilikdən anlayışı olmalı, öz hüquqlarını bilməlidir. Öz hüquqlarını bilən insanı işdən çıxarmaq çətindir. Amma hüquqlarını bilməyənləri qısa müddətdə azad edə bilirlər”. S. Mehbalıyev onu da qeyd edib ki, neft sənayesində kütləvi ixtisarların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil: “Burada yalnız təqaüd yaşına çatanlar işdən çıxarılır”.