Dünya Bankı (DB) Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beşillik layihə hazırlayaraq hökumətə təqdim edib. Bunu Trend-ə Təhsil Nazirliyində “Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov deyib. Onun sözlərinə görə, layihənin 3 əsas komponenti var. Layihənin ilk komponenti ali təhsil sisteminin təkmilləşdirilməsidir. Buna uyğun olaraq, ali təhsildə idarəetmənin, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, ali təhsil almaq imkanlarının genişləndirilməsi və bərabərləşdirilməsi, maliyyə islahatlarının aparılması təklif edilir.
Layihənin ikinci komponenti ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir. Bu komponentə uyğun olaraq, ali təhsil müəssisələrində institusional rəhbərlik və menecmentin dəyişdirilməsi, ali məktəbin daxilində keyfiyyəti idarəetmənin daxili mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətlilik innovasiya qrantları proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin üçüncü komponenti isə texniki komponentdir. Bu komponent layihənin idarəetmə və monitorinqi, qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur.
Rüstəmov bildirib ki, layihəyə uyğun olaraq, ali məktəblərə qrantların verilməsi bir universitetdə yeganə olan ixtisasın digər ali məktəblərdə də açılması üçün işlərin görülməsinə imkan verəcək. İstənilən ali məktəb yeni ixtisas açmaq üçün qrant təklifi hazırlaya və onu maliyyələşdirilməsi üçün təqdim edə bilər.
Layihənin əlaqələndirmə qrupunun rəhbərinin dediyinə görə, hazırda hökumət “Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi”ni müzakirə edir. Layihənin maliyyələşdirilməsi mexanizmi hələ müəyyənləşdirilməyib. Onun reallaşması üçün Azərbaycan hökumətinin Dünya Bankından kredit alıb-almayacağı da hələlik bilinmir.
Trend.az