Azərbaycan Dövlət Neft Şirkəti Vyanada keçirilmiş Avropa Qaz Konfransında iştirak edib

Avstriya Energetika Nazirliyi və «Energy Exchange» şirkətinin təşkilatçılığı ilə Vyanada Avropa Qaz Konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, konfransda Avropa ölkələrinin energetika agentlikləri və şirkətləri, TAP, «Nabucco», «Şimal axını», «Cənub axını» kimi mühüm boru kəmərləri layihələrinin rəhbərləri, «Avroqaz» və «Energy Charter» kimi beynəlxalq təşkilatların baş katibləri iştirak ediblər. Tədbirdə Azərbaycanı Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda çıxış edənlər «Şahdəniz» və «Cənub Qaz Dəhlizi» layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib, Xəzər hövzəsinin qaz ehtiyatlarının əhəmiyyətindən danışaraq Azərbaycanın Avropa üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulayıblar. ARDNŞ-in vitse-prezidentinin müavini V.Bəylərbəyov plenar iclasda «Cənub Dəhlizi Layihəsi» adlı təqdimatla çıxış edib və Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlı geniş məlumat verib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, şirkət rəhbərləri və təhlilçilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbir çərçivəsində V.Bəylərbəyov və ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov bir sıra ikitərəfli görüşlər keçiriblər. Qeyd edək ki, 400-dən artıq nümayəndənin qatıldığı konfrans çərçivəsində ARDNŞ-in Avstriyadakı nümayəndəliyi iştirakçılara Azərbaycanda neft və qaz sənayesinin tarixi barədə buklet və kitabçalar təqdim edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO