Azərbaycan Dövlət Gömrük Komitəsi ilə BMT İnkişaf Proqramı arasında sənəd imzalanıb

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə BMT İnkişaf Proqramı arasında sənəd imzalanıb Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə sənədini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi Fikrət Akçura imzalayıblar. “Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsinin yeni mərhələsinin əsas məqsədi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi nəzdində Hədəf Mərkəzinin yaradılması işində DGK-ya dəstək verməkdir.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Fikrət Akçuranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əliyev birgə gerçəkləşdirilən layihələri bütövlükdə, BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirib.
Komitə sədri avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaratdığını, gömrük prosedurlarının və potensialının güclənidirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verdiyini xüsusi olaraq vurğulayıb.

O, əməkdaşlığın daha bir təzahürü kimi “Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsi barədə də danışıb, ləyihənin gerçəkləşdirilməsində BMT İnkişaf Proqramının xidmətlərini yüksək qiymətləndirib, artıq bu istiqamətdə ölkənin yeni Gömrük Məcəlləsi layihəsinin hazır olduğunu diqqətə çatdırıb.
İstər fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, istərsə də qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə müstəqil Azərbaycanın gömrük orqanlarının rolundan bəhs edən Əliyev gömrük xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunub və qeyd edib ki, hazırda bütün gömrük keçid məntəqələrində yenidənqurma işləri başa çatıb.

Komitə sədri bildirib ki, dörd gömrük keçid məntəqəsinin açılışı olub, Astara gömrük keçid məntəqəsi isə yaxın zamanlarda istismara veriləcək. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri sadələşdirilmiş qaydada gömrük nəzarətindən keçir ki, bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verir.
Akçura müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib, BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirib.

BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirən qonaq ümumiyyətlə, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib və bildirib ki, bu gün imzalanan layihə sənədi gələcək əməkdaşlığı daha da möhkəmləndirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO