Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. “Hazırda üzərində işlər aparılan “Mədəniyyət haqqında” qanunda dilin siyasi baxımdan qoruyucu imkanları əlavə olunacaq”, – millət vəkili bildirib.
Cəfərov qeyd edib ki, xüsusi təkliflər olarsa, parlament komitəsində həmçinin “Azərbaycan dili haqqında” qanunda dilin qorunması ilə bağlı məsələyə baxılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında ana dilimizin xarici təsirdən qorunmasının vacibliyini vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib ki, hazırda Azərbaycan dili digər dillərin təsirinə məruz qalır. O, uğurlu təsirlərin də mövcud olduğunu bildirərək qeyd edib ki, dil heç vaxt təsirdən kənarda qala bilməz.
“Ancaq dilə dağıdıcılıq təhlükəsi yarada biləcək təsirlər də mövcuddur. Sovet dövründə Azərbaycan dilinə müsbət təsirlərilə yanaşı, sıxışdırma təsiri də var idi. Bu gün rus dilinin təsiri əvvəlki qədər olmasa da, dilimizə ingilis dilinin təsiri gəlir”, – Cəfərov bildirib.
Onun sözlərinə görə, çox zaman ingilis dilinin intellektual leksikası, mədəni təsiri yox, məişət təsiri görünür.
“Xüsusilə, bu, televiziyalarda özünü büruzə verir. Bu təsirlər həm leksik səviyyədə, həm də qrammatik səviyyədədir və bunların qarşısını almaq lazımdır”, – Cəfərov qeyd edib.
Komitə sədri hesab edir ki, dağıdıcı təsirlərin qarşısını almaqda orta məktəblər xüsusi rol oynayır, həmçinin publisistlərin, xüsusilə də elektron informasiya vasitələrinin fəaliyyəti peşəkar səviyyədə qurulmalıdır.
“Həmçinin dilçilər də çalışmalıdır ki, müəyyən səviyyədə ana dilimizin qoruyucu amillərini meydana gətirsinlər”, – Cəfərov bildirib