Azərbaycan Parlamentinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti qurumu Dağlıq Qarabağ problemi ilə bağlı hesabatın qəbulunu gecikdirməkdə günahlandırır. “Biz Dağlıq Qarabağa dair hesabatin qəbul edilməsi məsələsini dəfələrlə qaldırmışıq. Amma assambleyanın Dağlıq Qarabağ və Cənubi Osetiya üzrə nümayəndəsi Qoran Lenmarker hələ də məruzəni müzakirəyə çıxara bilmir”, – cümə günü Trend News-a Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.
İbrahimovun sözlərinə görə, Lenmarker münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğunu bəhanə gətirir. “O deyir ki, Minsk Qrupu problemi həll edəndən sonra ATƏT PA hesabatı müzakirəyə çıxara bilər. Bizim isə istəyimiz ATƏT PA-nın məsələni müzakirə edib, Ermənistanın işğalçılıq siyasətinə qiymət verməsidir”, – millət vəkili əlavə edib. Onun fikrincə, ATƏT PA da Avropa Şurası kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar verə bilər. “Həmin qərarda qeyd edilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, Dağlıq Qarabağ separatçıların nəzarətinə keçib. ATƏT PA-dan tələbimiz belə bir qərarın verilməsidir”, – İbrahimov vurğulayıb.
Millət vəkili deyib ki, nümayəndə heyətinin tələblərindən biri də həmin hesabatda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması haqdadır. “Ermənistan nümayəndə heyəti isə Dağlıq Qarabağın həmin respublikaya birləşməsi haqda müddəanın hesabatda öz əksini tapmasını istəyir. Ona görə də məruzəni müzakirəyə çıxara bilmirlər”, – nümayədə heyətinin üzvü xatırladıb. ATƏT PA Dağlıq Qarabağ münaqişəsinə dair hesabatın qəbulunu bir neçə ildir yubadır. Azərbaycan tərəfi hesabatda Ermənistanı işğalçı dövlət kimi göstərilməsini istəyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.