Azərbaycan ötən ilin oktyabrında işğal edilmiş ərazilərə səfər etmiş ATƏT-in qiymətləndirmə missiyasının hesabatına dair rəyini BMT-yə təqdim edib. Bu barədə Vaşinqton müxbirinə BMT Mətbuat Mərkəzindən məlumat verilib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin BMT baş katibinə göndərdiyi məktubun mətni üzv dövlətlərin nümayəndəliklərinə paylanıb.
“Hökumətimdən aldığım təlimata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində olmuş qiymətləndirmə missiyası ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini sizə bildirirəm. Missiya bir daha aydınlaşdırdı ki, Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin qanunsuz məskunlaşması, bu ərazilərdə aparılan infrastruktur dəyişiklikləri və iqtisadi fəaliyyət 1949-cu il avqustun 12-də qəbul edilmiş Müharibə Dövründə Mülki Şəxslərin Müdafiəsinə dair Cenevrə Konvensiyasına və onun əlavə protokolloruna ziddir. Ermənistan isə 1993-cü ildən bu konvensiyaya qoşulub”.
Məktubda bildirilir ki, vizual qiymətləndirmə və yerli əhalinin məlumatına əsasən, missiya müəyyən edib ki, Azərbaycanın işğal edilmiş yeddi rayonunda təxminən 14 000 erməni qanunsuz məskunlaşıb. Onlar yeni tikilmiş və yaxud bərpa olunmuş evlərdə yaşayırlar. Missiya işğal edilmiş ərazilərdə bir sıra inzibati, səhiyyə və tədris binalarına baş çəkib və bu binaların erməni diasporunun maliyyə dəstəyi ilə tikildiyini və avadanlıqla təchiz edildiyini müəyyən edib.
Səfir Aqşin Mehdiyev əlavə edib ki, missiya infrastrukturun inkişafı, xüsusilə də elektrik enerjisi və içməli su təchizatı üçün səy göstərildiyini də müşahidə edib.
“Missiyanın səfər etdiyi ən ucqar yerlər istisna olunmaqla bütün yaşayış məskənlərinin elektriklə təmin olunduğu bildirilir. Laçın şəhərindən şimalda Sabuxçay çayının vadisində 2.2 meqavatt gücündə su elektrik stansiyası fəaliyyət göstərir. Bu, 25 mikroelektrik stansiyanın tikilməsini nəzərdə tutan planın bir hissəsidir. Bir neçə yaşayış məskəninə kiçik qaz kəmərləri çəkilib. Sakinlər kəmərlərin son beş ildə çəkildiyini bildiriblər. 2005-ci ildən fərqli olaraq, missiya səfər etdiyi məskənlərin əksəriyyətində mobil telefon rabitəsinin olduğunu müəyyən edib. Missiya onu da müşahidə edib ki, işğal edilmiş ərazilərin inzibati sərhədləri ekstensiv şəkildə yenidən çəkilib, bəzi bölgələrin adları və sərhədləri dəyişdirilib”.
Məktubda daha sonra qeyd olunur ki, ermənilər Azərbaycan şəhərlərinin və kəndlərinin tarixi adlarını dəyişdirərək, özlərinə uyğunlaşdırıblar.
“Belə ki, münaqişədən əvvəl 70 000-dən çox əhalisi olan Ağdam şəhərinin adı erməni xəritələrində və yol nişanlarında hətta xatırlanmır. Missiyanın gəldiyi daha bir nəticə xüsusilə narahatlıq doğurur. Nəticə belədir ki, təkcə ərazilərin işğal altında olması deyil, həm də dağıdılmış vəziyyətdə olması Azərbaycanın digər bölgələrinə məcburi köçmüş adamların buraya qayıtma ehtimalını çətinləşdirir. Keçmiş sakinlərin bütün şəxsi və kommersiya mülkiyyəti dağıdılıb”, deyə səfir bildirir.
“Bu regionlarda əsil sakinlərin qayıtması üçün heç bir şərait yoxdur. Onların qayıtması üçün genişmiqyaslı ev tikintisi başlamalı və baza infrastrukturu yaradılmalıdır. Missiyanın gəldiyi nəticələr işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətin davam etməsi ilə bağlı Azərbaycanın narahatlığının əsaslı olduğunu sübut edir. Missiyanın müşahidələri bir daha göstərdi ki, Ermənistan işğalın status kvosunu gücləndirməyə cəhd edir və bununla da fundamental norma və prinsipləri, xüsusilə də güc tətbiq etməmək prinsipini pozur. Bu faktlar 2005-ci ildə həmsədrlər tərəfindən də qeyd olunub. Onlar tövsiyələrində bildirirdilər ki, “işğal olunmuş ərazilərdə hər hansı bir məskunlaşmanın qarşısı alınmalıdır” və “vəziyyətin bu cür davam etməsi sülh prosesini ciddi şəkildə çətinləşdirən baş vermiş fakta – “fait accompli”yə aparıb çıxara bilər”.
Məktubda deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri eyni narahatlığı və çağırışı indiki tövsiyələrində də ifadə ediblər: “Təəssüf ki, ötən altı ildə Ermənistan həmsədrlərin çağırışına əməl etməyib və münaqişənin həll prinsiplərinə məhəl qoymamaqda davam edib. Azərbaycan diqqəti missiyanın əsas bəyanatına yönəldir. Bu bəyanatda deyilir ki, işğal edilmiş ərazilərdəkı status kvo qəbuledilməzdir və həmsədrlər Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətə son qoymağa çağırırlar. Azərbaycan bəyan edir ki, Ermənistanın bu istiqamətdə davam edən siyasətinə dözmək olmaz”.
Səfir məktubunda qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin qanunsuz məskunlaşması danışıqları ləngidir və münaqişənin davamlı həll perspektivini sarsıdır: “Buna görə də problemin həlli ilə tez və düzgün şəkildə məşğul olmaq lazımdır. Münaqişənin davamlı həllinə yalnız işğal altındakı ərazilərdən zorla çıxarılmış Azərbaycanlı əhalinin öz yurd-yuvasına qayıtması ilə nail olmaq mümkündür”.
Məktubda deyilir ki, işğal edilmiş ərazilərin hazırkı vəziyyəti, erməni silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasının və bu ərazilərin reabilitasiyasının yubadılması üçün hər hansı bir bəhanə kimi təqdim oluna bilməz.
“Azərbaycan, həmsədrlərin işğal edilmiş ərazilərdə demoqrafik, sosial və mədəni xarakterli dəyişikliklə nəticələnən və ya status kvonu qoruyan və sülhə mane olan hər hansı bir fəaliyyətdən (qanunsuz məskunlaşma, infrastrukturun inkişafı, təbii ehtiyatların istifadəsi, mədəni dəyişikliklər və s.) çəkinmək çağırışını dəstəkləyir”.