Azərbaycan Ali Məhkəməsinin sədri prokurorluğun həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlarının məhkəmələr tərəfindən bir qayda olaraq təmin edilməsindən narahatdır. “Çox təəssüf ki, belə hallar var və bizi çox narahat edir”, – deyə Ali Məhkəmənin sədri Ramiz Rzayev Trend News-un sualına cavab olaraq bildirib.
Trend News-un arayışı: Azərbaycanda cinayətin ağırlığından, motivindən asılı olmayaraq cinayət törətmiş şəxslərə bir qayda olaraq həbs qətimkan tədbiri seçilir. Digər qətimkan tədbirləri ilə müqayisədə həbsə üstünlük verilməsi əhali və hüquq ictimaiyyəti arasında narazılıq yaradır. Cari ilin 6 ayında həbs qətimkan tədbiri ilə bağlı müraciətlərin və məhkəmə qərarlarının statistikası ilə bağlı rəsmi məlumat əldə etmək mümkün olmayıb.
İnsan Hüquqları Üzrə Hüquqşünaslar Komitəsinin 2008-ci ilin may-noyabr aylarında apardığı monitorinqin nəticələrinə görə, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluq tərəfindən monitorinq aparılan rayon (şəhər) məhkəmələrinə və hərbi məhkəmələrə 812 təqdimat daxil olub. Daxil olmuş təqdimatlardan 806-sı təmin edilib, 6 təqdimat isə başqa növ qətimkan tədbiri ilə əvəzlənib. Maraqlıdır ki, hesabat dövründə təmin edilməyən təqdimat olmayıb.
İnsan Hüquqları Üzrə Hüquqşünaslar Komitəsinin hesabatında qeyd olunur ki, ittiham tərəfinin həbs qətimkan tədbirinin seçilməsi üzrə məhkəməyə göndərdiyi 812 təqdimatından 60-ı böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə, 535-i az ağır cinayətlər üzrə, 193-ü ağır cinayətlər üzrə, 24-ü xüsusilə ağır cinayətlər üzrə olub.
Azərbaycanın cinayət-prosessual qanunvericiliyi qətimkan tədbirlərinin ev dustaqlığı, girov, başqa yerə getməmək haqqında iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma kimi növlərini müəyyən edib.
Rzayev bildirib ki, hazırda Ali Məhkəmə tərəfindən bu məsələ araşdırılır, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər ümumiləşdirilir və məsələ bir daha müzakirəyə çıxarılacaq.
Rzayev bildirib ki, bu ilin iyun ayında Ali Məhkəmə bütün apellyasiya məhkəmələrinə məktub ünvanlayaraq hakimlərə həbslə bağlı qərarlar qəbul edərkən diqqətli olmalarını və qanunun tələblərini yerinə yetirmələrini tövsiyə edib.