Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümləri ilə bağlı “İnsanlığa qarşı cinayətlər-etnik təmizləmə və soyqırımları” mövzusunda seminar keçirib

Azərbaycanının Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinin Strateji Tədqiqatlar İnstitutu ilə birgə Xocalı soyqırımının 26-cı və 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümləri ilə bağlı “İnsanlığa qarşı cinayətlər-etnik təmizləmə və soyqırımları” mövzusunda seminar keçirib.

Tədbirdə Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyatda olan general-leytenant Nasir Xan Cancuan, Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə, Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli diplomatlar, tədqiqatçılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib. Foyedə bu faciəni əks etdirən fotostend açılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair kitablar, bukletlər və digər əyani materiallar nümayiş etdirilib, iştirakçılara paylanılıb.

Seminarı açan Strateji Tədqiqatlar İnstitutunun direktoru Xalid Mahmud “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ekstremistlərinin tarixən Azərbaycana qarşı etnik təmizləmə siyasəti yeritdiyini, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini, ölkəmizə səfəri zamanı Quba soyqırımı məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd edib. O, Ermənistan tərəfindən törədilmiş, tarixin ən qəddar hadisələrindən olan Xocalı soyqırımının artıq bir neçə ölkə tərəfindən tanındığını vurğulayıb.

Kayde Əzəm Universitetinin professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi baxımdan zamanında lazımi qiymət verilmədiyini, ikili standartlar səbəbindən dünyanın aparıcı dövlətlərinin Ermənistan tərəfindən törədilmiş soyqırımlarına, o cümlədən Xocalı soyqırımına ədalətli münasibət göstərilmədiyini təəssüflə diqqətə çatdırıb.

Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının türk xalqının qəlbini daim ağrıtdığını, Azərbaycanın ağrı-acısının Türkiyənin də ağrı-acısı olduğunu vurğulayıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini vurğulayan diplomat bununla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasının vacibliyini vurğulayıb. Bəzi dövlətlərin müsəlmanlara, xüsusilə də türklərə qarşı ayrı-seçkiliyə yol verdiyini bildirən səfir Ermənistanın 1915-ci il hadisələrinə dair əsassız iddia ilə çıxış etdiyini söyləyib, bu ölkənin türklərə qarşı etnik təmizləmə siyasətindən əl çəkməli olduğunu vurğulayıb.

Son 100 ildə “Böyük Ermənistan” dövlətinin yaradılması xülyaları ilə yaşayan erməni millətçiləri tərəfindən azərbaycanlılara, ümumilikdə, türklərə qarşı törədilən terrorçuluq və etnik təmizləmə siyasəti haqqında məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ermənilərin 1905-1907-ci və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı cinayətlər törətdiyini, yalnız Azərbaycanda deyil, Türkiyə, İran və bir sıra digər ölkələrdə də qətliamlar həyata keçirdiklərini deyib.

2010-2016-cı illərdə Təbrizdə Azərbaycanın baş konsulu işlədiyi vaxtlarda ermənilərin törətdiyi qırğınların hələ də Təbriz, Urmiya, Xoy və Səlmas əhalisinin yaddaşında qalmasının bilavasitə şahidi olduğunu ifadə edən səfir ermənilərin sistemli şəkildə azərbaycanlılara qarşı soyqırımı siyasətini reallaşdırmağa çalışdığını, 1992-ci ildə Xocalını yerlə-yeksan etdiyini və qədim Azərbaycan tarixini əks etdirən abidələri, muzeyləri və məscidləri tamamilə dağıtdığını qeyd edib. Ə.Əlizadə ümummilli lider Heydər Əliyevin “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır və ən qanlı səhifəsidir” fikrini sitat gətirib.

Diplomat Xocalı soyqırımını tanıyan ölkələrin sayının ilbəil artdığını bildirərək, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsinin və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı soyqırımını tanıması və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına görə Pakistan xalqına və dövlətinə minnətdarlığını çatdırıb. Səfir beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə əsaslanaraq, dünya birliyini təcavüzkarın qarşısının almağa və soyqırımı törədənlərə qarşı praktik addımlar atmağa çağırıb.

Xüsusi qəddarlıqla törədilən Xocalı soyqırımının tarixin ən ağrılı cinayətlərindən olduğunu və Pakistanın hər zaman Azərbaycanın dərdinə şərik çıxdığını bildirən Nasir Xan Cancua 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Hərbçi general kimi müxtəlif döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız insanlara qarşı edilmiş vəhşiliklərin misli görünmədiyini deyən Baş nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini bildirib. Ötən dövr ərzində tərəqqiyə və inkişafa nail olan Azərbaycanın acısının Pakistanın da acısı olduğunu, Kəşmir məsələsində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas Qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana təşəkkürünü ifadə edən Nasir Xan Cancua Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Seminar Pakistanın televiziyaları və qəzetləri tərəfindən geniş işıqlandırılıb, səfir Əli Əlizadənin müsahibələri televiziyalarda yayımlanıb.

AZƏRTAC

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO