Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi təşkilatın Daimi Şurasının növbəti iclasında münaqişə zonasında itkin düşmüş şəxslər barədə sazişin reallaşdırılmasına çağırıb. Trend-in məlumatına görə, bu barədə missiyanın yaydığı bəyanatda deyilir.
Bəyanatda deyilir: “Azərbaycan nümayəndə heyəti diqqəti Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə münaqişə zonasında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinə dair əldə edilmiş razılaşmaya çəkmək istərdi. İtkin düşmüş şəxslərlə bağlı problem, yaxınlarının yeri barədə məsələlər üzrə aydınlıq gözləyən minlərlə insanın həyatına təsir etməkdə olan münaqişənin ciddi humanitar problemlərindən biridir”.
Qeyd edilir ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının hesablamalarına görə, təqribən 4500 azərbaycanlının taleyi naməlum olaraq qalır: “Azərbaycan bu kontekstdə vacib addım kimi razılaşmanın həyata keçirilməsinə böyük önəm verir. Biz əminik ki, bu sazişin lüzumsuz yerə siyasiləşdirmədən reallaşdırılması Ermənistan-Azərbaycan münaqişəsininin davamlı sülh yolu ilə nizamlanması yollarının axtarışı üçün əhəmiyyətlidir”.
Bildirilir ki, Daimi Şuranın sonuncu iclasından bəri Azərbaycan nümayəndə heyəti bu razılaşmanın həyata keçirilməsi üzrə mümkün praktik addımların müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir neçə mərhələdə məsləhətləşmələr aparıb. Bu görüşlər Ermənistanın Beynəlxalq Qızıl Xaç Komitəsi çərçivəsində itkin düşmüş şəxslərlə bağlı məlumatların mübadiləsi üzrə əməkdaşlığa hazır olduğunu təsdiq edir. Ermənistanın Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyilə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsi şərtlərini təyin etmək işində konstruktiv iştiraka hazır olduğunu nümayiş etdirməsinin vaxtıdır. Biz inanırıq ki, bu prosesdə xüsusi rol oynayan ATƏT bizim çağırışımızı dəstəkləyir, Ermənistan və Azərbaycan arasında itkin düşmüş şəxslər haqqında sazişin reallaşdırılmasına yardım etməyə dəstək verəcək. Bununla əlaqədar biz Serbiyanın ATƏT-in fəaliyyətdə olan sədrini Minsk Qrupunun həmsədrlərinin dəstəyilə münaqişə tərəflərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr təşkil etməyə çağırırıq”.
Trend.az