Azərbaycanda Təhsil Nazirliyinin hazırladığı yeni elektron resurslar istifadəçilərinə təqdim edilib.
Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, artıq II, III, VI və VII siniflər üzrə 30 dərslik elektron formatda elektron dərslik portalında yerləşdirilib.
Nazirin sözlərinə görə, artıq Azərbaycan dili, Azərbaycan tarixi, Tarix, Biologiya, Fizika, Kimya, Həyat bilgisi, Coğrafiya, İngilis dili, Riyaziyyat İnformatika fənləri üzrə dərslikləri internetə çıxışı olan istənilən şəxs onlayn və oflayn formatda istifadə edə bilər:
“Təhsilin informasiyalaşdırılması elektron dərsliklərin istifadəsi üçün geniş yol açır. Elektron dərsliklər öyrətmə prosesini fərdiləşdirməyə şərait yaradır, böyük həcmdə təlim materiallarını əhatə edir, ənənəvi öyrənmə formalarını zənginləşdirir”.
Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev qeyd edib ki, yeni hazırlanmış elektron resurslarını bir mənbədə yerləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər.
E.Əmrullayevin sözlərinə görə, hazırda e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25 mindən artıq istifadəçi portaldan qeydiyyatdan keçərək elektron dərsliklərdən istifadə edir.
Mərasimdə həmçinin elektron resurs müsabiqə portalı – www.e-test.edu.az, video dərslərlə bağlı www.video.edu.az, müəllimlərin və idarəedicilərin təkmilləşdirilməsi ilə bağlı www.e-telim.edu.az, elektron sinif portalı- www.e-sinif.edu.az, “Elektron tapşırıqlar”, “Xarici elektron resurslar” elektron oyunlar təqdim olunub.
Trend.az