Azərbaycanda mövcud olan hava şəraiti iqlim normasına yaxındır, bəzi günlərdə 1-2 dərəcə yüksəkdir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.
Trend.az